Bakı Dövlət Universitetində (BDU) tədrisdə keyfiyyətin artırılmasına və professor-müəllim heyətinin qabaqcıl elmi-metodik üsulları mənimsəməsinə xidmət edən təkmilləşdirmə kursları fəaliyyətə başlayıb.

 

BDU-dan bildirilib ki, universitetin 130-dan çox əməkdaşının bu kurslarda dinləyici qismində iştirak etməsi nəzərdə tutulub. Dinləyicilər müasir tədris, pedaqoji və psixoloji təlim metodları, təhsildə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə qaydaları ilə tanış olacaqlar.

 

Kursun proqramına “Keyfiyyətli təhsil - davamlı inkişafın dördüncü məqsədiˮ, “İnklüziv təhsildə tələbəyönümlü pedaqogikaˮ, “Milli-mənəvi dəyərlərin təhsilalanların sosial-mədəni inkişafında roluˮ, “2020-ci il Vətən müharibəsi: nəticələri və tarixi əhəmiyyətiˮ, “Azərbaycanın Qafqazın lider dövlətinə çevrilməsi. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətiˮ kimi mövzular daxil edilib.

 

Təkmilləşdirmə kursları başa çatdıqdan sonra dinləyicilərə sertifikatlar təqdim ediləcək.