Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin I, II və III kurs tələbələri fakültənin dekanı Akif Ağbabalı və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayevin rəhbərliyi ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar.

 

Müəllim-tələbə heyətinə institutdakı müasir laboratoriyaların iş rejimi, gübrələmə, bitki mühafizə tədbirlərinin təşkilində tətbiq olunan innovasiya sistemləri göstərilib. Qonaqlar institutun istixanalarına baş çəkiblər. Məlumat verilib ki, istixanalarda xəstəliklərdən mühafizə olunmuş şəraitdə seleksiya və toxumçuluq işləri aparılır, yeni sortlar yaradılaraq dövlət sort sınağına təqdim olunur. Nümayəndə heyəti Toxum Satış Mərkəzində fermerlərə təklif edilən sağlam nümunələrlə də tanış olublar.

 

İnstitutun mütəxəssisləri müasir cihaz və avadanlıqlar, onların iş prinsipləri haqqında geniş məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.