Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirilib.
Öncə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bəstəkarın yaradıcılığından danışaraq bildirib ki, F.Əmirov musiqinin demək olar bütün janrlarına müraciət edib, çox dəyərli sənət əsərləri yaradıb. "Sənətkarın yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi dünyada Azərbaycan musiqisinə verilən qiymətin göstəricisidir. Əslən şuşalı olan Fikrət Əmirovun yaradıcılığı Qarabağın zəngin mədəniyyətindən qaynaqlanır"- deyə S.Məmmədəliyeva əlavə edib.
Sonra Azərbaycan Respublikasının Xalq artisti, professor, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Yeganə
Axundovanın ifasında və Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə konsert başlayıb.
Yubiley konsertində F.Əmirovun "Min bir gecə" baletindən fraqment, "Ərəb mövzuları əsasında konsert" (F.Əmirov və E.Nəzirova), "Kürd ovşarı" simfonik muğamı, "Azərbaycan kapriççiosu" əsərləri səsləndirilib.