Bu ilin 26-29 may tarixlərində keçiriləcək “Teknofest Azərbaycan” festivalında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üçün geniş pavilyon ayrılıb. Bu məqsədlə Akademiyanın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC də “Teknofest Azərbaycan” çərçivəsində keçiriləcək sərgidə iştirak edəcək.
Bu barədə “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov ətraflı məlumat verib.
Bildirib ki, sərginin AMEA üçün ayrılmış pavilyonunda “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən hazırlanmış pilotsuz uçuş aparatlarının (PUA) təqdimatı olacaq. Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi ilə bağlı görülən işlərdən danışan direktor qeyd edib ki, bu dronlar kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş həllərdir və multi-spektral kameralar vasitəsilə bitki örtüyünün, torpağın öyrənilməsini nəzərdə tutur.
Z.Nəsibovun sözlərinə görə, bu həllər fermerlərin müasir innovasiya və texnologiyalardan istifadəsini daha da genişləndirəcək, eləcə də Kənd Təsərrüfat Nazirliyinin keçirdiyi innovasiya sərgilərində təqdim olunacaq.
“Düşünürük ki, “Teknofest Azərbaycan”da təqdim olunacaq bu layihə müvafiq sahədə tədqiqatlar aparan, bitki və torpaq örtüyünü öyrənən nazirlik və təşkilatların da diqqətini cəlb edəcək və yeni fürsətlər açacaq”, – deyə müəsissənin direktoru vurğulayıb. Bildirib ki, bu kimi tədbirlər müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssisləri bir araya gətirməklə, ortaq innovativ layihələr həyata keçirməklə yeni həllərin yaradılmasına da böyük töhfələr verəcək.
Direktorun sözlərinə görə, tədbirdə diqqət çəkən digər bir məqam da PUA və “Planer” müsabiqələrinin yalnız tələbələr arasında keçirilməsidir: “Bu, artıq onu göstərir ki, tədbirin təşkilatçıları Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən mütəxəssislərin mövcudluğundan xəbərdardır və sahənin genişlənməsi üçün gəncləri bu işlərə təşviq edir”.
Z.Nəsibov hazırda AMEA-nın iki institutu ilə PUA-nın hazırlanması, təkmilləşdirilməsi və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı layihələrin davam etdirildiyini bildirib.