Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi və görülmüş işlərin xalqa hesabatı  təqdim olundu. Aydın oldu ki, Azərbaycan üçün iki istiqamət mühüm əhəmiyyət daşıyıb. Bunlardan biri işğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq, bərpa işlərinin sürətli şəkildə aparılmasından, digəri Azərbaycanın II Qarabağ müharibəsindən sonra yaratdığı yeni reallıqları beynəlxalq müstəvidə qəbul etdirməkdən ibarət idi.

 

Hər iki istiqamətdə konkret nəticələr var. Əgər öncə ikinci istiqamətə dair faktlara istinad etsək, deyə bilərik ki, müharibədən sonra Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, əməkdaşlığı uğurla davam etdirildi, yaratdığı yeni reallıqlar beynəlxalq aləm tərəfindən qəbul olundu. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbir keçirildi və bu, o demək idi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.

 

Digər yaxşı nəticə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana dəstək olan mövqeyini sabit saxlamasıdır. İstər təşkilatın xarici işlər nazirləri səviyyəsindəki toplantıda, istərsə də Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul olunub. Bundan başqa,təşkilatın rəhbərliyi azad olunmuş torpaqlara səfərlər edib, bununla da Azərbaycanın ərazi bütövlüyü üçün apardığı mübarizəyə haqq verdiklərini ortaya qoyub. 

 

Avropa İttifaqı ilə təmaslar intensiv xarakter almağa başlayıb. Bu mötəbər qurum  Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması istiqamətində səylərini gücləndirib.  Sonuncu görüşdə imzalanan yekun kommunike Azərbaycanın maraqlarına tam cavab verir, çünki “Dağlıq Qarabağ” ifadəsi gündəmdə yoxdur, kommunikedə əks olunmur, bu da münaqişənin həllinə dair qurumun yanaşmasını ortaya qoyur. Brüssel görüşü Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən qəbul edilməsinə və Ermənistanın Azərbaycana ərazi iddiasından əl çəkməsinə töhfə sayıla bilər.

 

Müsbət nəticələr bununla bitmir. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olub ki, bu, iki ölkənin öz münasibətlərini birgə yoluna qoymaq, anlaşmaq, əyani müzakirələr aparmaq baxımından uğurlu təcrübə yaradır. Artıq müsbət addımlardan danışmaq da mümkündür, çünki sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlayacaq.

 

Qeyd etmək lazımdır ki, müharibədən sonra Azərbaycana xarici investorların da marağı artıb. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verilib – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyulub. Xarici investorlar tərəfindən inşa edilən bu stansiyalar gələn il istismara veriləcək.

           

İndi isə gələk ölkənin iqtisadi göstəricilərinə və müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə görülən işlərə. İqtisadi təhlillər bundan ibarətdir ki, ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız isə 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə. Qeyri-neft ixracı 45 faiz. Azərbaycan bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilib. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan, gömrük orqanları isə 200 milyon manatdan çox vergi toplayıb.

 

Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə özünü cəmi 25 faiz təmin edir.İşğaldan azad olunmuş torpaqlarda indi böyük əkin işləri aparılır. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparılır və bu il 50 min hektarda əkin aparılacaq.

 

İşğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər görülüb və davam edir. Özü də bilirik ki, bu işlərə xaricdən heç bir maddi dəstək yoxdur, Azərbaycan öz imkanları hesabına bu işlərə imza atır.

 

Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Sırada digər şəhərlərin Baş planlarının təsdiqlənməsi var. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalı, bu il təsdiq olunmalı və  Qarabağ və Şərqi Zəngəzura aid investisiya proqramında əlavələr edilməlidir.

 

Azad olunmuş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyasının inşası aparılıb. Cari ildə beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.

 

Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilib.

 

Azərbaycanın elektrik stansiyaları ilə bağlı perspektiv planları da var. Bunlar  nədən ibarətdir?

 

Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndiriləcək. İran İslam Respublikası ilə danışıqlar aparılır və tezliklə burada da razılıq əldə olunacaq. Bu stansiyaların potensialı 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı Azərbaycana çatacaq. “BP” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir.

 

Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var.Azərbaycan dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alır. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.

 

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sabitdir və qətidir-dəhliz açılmalıdır!Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılıb. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırlanıb. Bərdə-Ağdam dəmir yolunun inşası davam edir. Gələn il bu yol istifadəyə veriləcək. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir.

 

Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq Zəngilan Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Laçın Beynəlxalq Hava Limanının inşası 2024-cü ilə planlaşdırılır.

 

Ölkənin yol infrastrukturu surətlə şaxələnir. Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol, Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir.

 

Şuşa şəhərinin içməli su layihəsi prioritet saxlanılır. Şuşada insanların artıq yaşaması, orada yaşayış binalarının tikilməsi və insanların tezliklə öz torpaqlarına qayıdacağı nəzərə alınaraq, içməli su layihəsinin bu il tam istifadəyə verilməsi nəzərdə tutulur.

           

Bu il birinci pilot layihə üzrə Ağalı kəndinin açılışı olacaq. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına isə bu il başlanacaq...

 

Bütün bu sadaladıqlarımız işğaldan azad olunmuş ərazilərdə görülən və görüləcək işlərin bir qismini əhatə edir. Siyahı əlbəttə ki, böyükdür və Azərbaycanın işğaldan azad olunmuş torpaqlarla bağlı düşünülmüş prinsipial siyasətini, iradəsini aydın şəkildə anladır. Sözsüz ki, bu iradə, iqtisadi güc işğaldan qurtarılan bölgəyə tezliklə həyat verəcək, yurdlarından didərgin düşmüş insanların öz dədə-baba torpaqlarına kütləvi qayıdışını təmin edəcək.