Aprelin 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların potensialının artırılması istiqamətində təkliflərin müzakirəsi ilə bağlı geniş tərkibdə onlayn iclas keçirilib.
Baş nazirin müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Əli Əhmədov giriş nitqi ilə çıxış edərək yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinin müasir dünyanın aktual problemləri içərisində əhəmiyyətli yer tutduğunu qeyd edib.
Azərbaycan dövlətinin uşaqların hüquqlarının qorunması məsələsi ilə əlaqədar səlahiyyətli qurumlar içərisində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, o cümlədən yerli komissiyaların mühüm vəzifə daşıdığını qeyd edən Əli Əhmədov Komissiyanın ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsindəki vacib rolunu qeyd edib.
Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların müdafiəsinin həyata keçirilməsi, uşaq hüquqlarının təmin olunması üzrə mühüm müzakirələrin aparılması, fəaliyyət istiqamətləri ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından geniş tərkibdə keçirilən görüşün əhəmiyyətini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Çətin həyat şəraitində olan uşaqların hüquqlarının müdafiəsi sahəsində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların rolu” mövzusunda təqdimatla çıxış edib.
Sonra təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərin müasir dövrdə necə formalaşmasının ölkənin gələcək inkişafını müəyyən etdiyini qeyd edərək, Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən və olduqca aktual bir məsələyə həsr olunan iclasın bu mənada böyük əhəmiyyət daşıdığını vurğulayıb. Müvafiq Komissiyaların fəaliyyətini nəzərdən keçirərkən nazir müavini, onların gələcək işinin təkmilləşdirilməsi, sosial risk qrupuna daxil olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən hər iki Komissiya arasında daha dəqiq iş bölgüsünün aparılması, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılması məqsədilə alternativ mərkəzlərin yaradılması ilə bağlı təkliflər səsləndirib.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası üzrə tədbirlərin icrasının mütəmadi davam etdirildiyini, həmin şəxslərin tərbiyəsi, saxlanması üzrə öz vəzifələrini yerinə yetirməyən valideynlər barəsində yerli komissiyalar, polis inspektorları və digər qurumlardan nümayəndələr cəlb edilməklə fərdi profilaktik işlər təşkil olunduğunu bildirib.
Daxili işlər nazirinin müavini Oruc Zalov yetkinlik yaşına çatmayanların sağlamlığına və mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb olunması hüquqlarının və mənafelərinin pozulması hallarının cəmiyyətin və dövlətin narahatlığını doğuran aktual problemlərdən olduğunu bildirib.
Səhiyyə nazirinin müavini İlqar Qasımov atılmış, imtina olunmuş uşaqların sənədlərinin qaydasına salınması, Komissiyanın fəaliyyətinin genişləndirilməsi və uşaqların onlara əlçatanlığının təmin edilməsi, həmçinin Komissiyaların yanında qayğı mərkəzlərinin yaradılması məsələləri ilə bağlı bir sıra təkliflər irəli sürüb.
“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva çıxış edərək RİİB-in uşaq hüquqlarının təşviqi və təmin olunması, eləcə də əlliliyi olan şəxslərin hüquqlarının və inklüziv dəyərlərin təbliği, o cümlədən uşaqların inklüziv təhsil imkanlarının genişləndirilməsi, eyni zamanda, erkən uşaqlıq dövründə inkişaf istiqamətində həyata keçirdiyi bir sıra layihələr barədə bəhs edib.
İclas Bakı şəhər Sabunçu rayonu, Xocalı, Qazax, Gədəbəy, Biləsuvar, rayonlarının Komissiya sədrlərinin mövzu ətrafında çıxışları və təklifləri ilə davam edib.