Aprelin 13-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Əvvəlcə universitetdə şəhidlərin xatirəsinə ucaldılmış Memorial-Xatirə Kompleksi ziyarət edilərək önünə əklil qoyulub və əziz xatirələri ehtiramla yad edilib.
Sonra təhsil naziri Emin Əmrullayev UNEC-in 7/24 kitabxanası və Ekstern Mərkəzi ilə tanış olub. Nazirə kitabxana, oxu zalı, Mərkəz barədə ətraflı məlumat verilib. Emin Əmrullayev UNEC-də yaradılan hibrid auditoriyalara da baxış keçirib. Universitetdə hazırda 50 hibrid auditoriyanın fəaliyyət göstərdiyi, daha 50 auditoriyanın da yaxın zamanlarda istifadəyə veriləcəyi nazirin diqqətə çatdırılıb.
Səfər çərçivəsində UNEC-in yeni yaradılmış muzeyinin də açılışı baş tutub. Nazir UNEC-in yaranma tarixi barədə məlumatlandırılıb və tarixi sənədlərlə tanış olub.
Emin Əmrullayev ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan "Bloomberg" maliyyə laboratoriyasının açılışında da iştirak edib. Bildirilib ki, 12 "Bloomberg" terminalından ibarət laboratoriya UNEC-in bu sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli araşdırma mühitinin yaradılmasına imkan verəcək.
UNEC-də yaradılmış şəraitlə tanışlıqdan sonra təhsil naziri gənc müəllimlər və tələbələrlə görüşüb.
Tələbələrlə görüşdə rektor Ədalət Muradov UNEC-in tədqiqat universitetinə çevrilməsi məqsədilə təhsil müəssisəsində magistrların payının daha da artırılacağını diqqətə çatdırıb.
Təhsil naziri Emin Əmrullayev ölkədə ali təhsilin inkişafı istiqamətində görülən işlərdən, gələcək prioritetlərdən, tələbələrə dövlət dəstəyindən, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın mahiyyətindən danışıb. Tələbələrə fərdi bacarıqlarını inkişaf etdirməyi, elmi tədqiqatlara marağı daha artırmağı, innovativ layihələrdə fəal olmağı tövsiyə edən nazir, UNEC-də bu istiqamətdə bütün imkanların yaradıldığını vurğulayıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Gənc müəllimlərlə görüş zamanı rektor Ədalət Muradov bildirib ki, hazırda universitetdə müəllimlərin 30 faizini gənc müəllimlər təşkil edir və bu proses davam etdiriləcək.
Gənc müəllimlərin tədrisə cəlb olunmasının vacibliyindən söz açan Emin Əmrullayev son illər bu istiqamətdə müsbət tendensiyaların yarandığını deyib. Emin Əmrullayev gənc müəllimlərin tədrisin keyfiyyətinin artırılmasındakı rolundan, universitetlərin reytinqinə təsir edən amillərdən, kadr potensialının formalaşdırılmasından söz açıb. Ali təhsil sahəsində bu istiqamətdə aparılan islahatlar və görülən işlər barədə məlumat verib.
Görüşün sonunda təhsil naziri gənc müəllimlərin təkliflərini dinləyib və suallarını cavablandırıb.