Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Türkiyə Respublikası Kastamonu vilayətinin Kuzeykent ibtidai məktəbinin 4-A sinfinin şagirdləri və müəllim heyəti ölkəmizdə səfərdədir. 

 

Səfər çərçivəsində nümayəndə heyəti aprelin 12-də Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib. 

 

Daha sonra qonaqlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksini ziyarət edib. Ziyarət zamanı türkiyəli şagirdlər azərbaycanlı şagirdlərlə birlikdə bir neçə dərslərdə iştirak edib. 

 

Türkiyəli şagirdlərlə görüşən təhsil naziri Emin Əmrullayev ortaq dəyərlərə sahib iki ölkə şagirdləri arasında ünsiyyətin önəmini qeyd edib. Nazir cari ilin 15-22 mart tarixlərində Çanaqqala zəfərinin ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunan tədbirlərdə azərbaycanlı şagirdlərin iştirakını yüksək qiymətləndirib və hazırki səfərin təhsil sahəsində qarşılıqlı təmasların inkişafına töhfə verəcəyini bildirib. 

 

Kompleksdə qonaqlara 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının göstərdiyi əzm, iradə və birliyi haqqında təqdimat nümayiş etdirilib.

 

Nümayəndə heyəti həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzini ziyarət edib. Qonaqlara Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib, bir sıra istiqamətlər üzrə ustad dərsləri təşkil olunub.

 

Səfər çərçivəsində növbəti günlərdə Heydər Əliyev Mərkəzinin ziyarət edilməsi, habelə Hərbi Qənimətlər Parkı ilə tanışılıq nəzərdə tutulur. Bununla yanaşı, nümayəndə heyətinin 14-15 aprel tarixlərində işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfərləri planlaşdırılır.