Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "İnformasiya müharibəsində Azərbaycan gənclərinin rolu" adlı onlayn tədbir keçirilib.
Fakültənin TGT sədri Röya Abbasova müasir dünyada informasiya müharibəsinin aktuallığından, ölkəmizdə bu sahədə əldə olunan uğurlardan bəhs edib. Qeyd olunub ki, erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir.
Daha sonra fakültə TGT-nın sədr müavini Toğrul Məlikzadə mövzu ilə bağlı məruzə edib. Bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri müstəsna rol oynayıblar. Bununla yanaşı, erməni işğalı zamanı dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılması üçün gənclərin məlumatlılığının artırılması vacibdir. O, çıxışında gənclərimizin informasiya müharibəsində bundan sonra da əzmlə çalışacaqlarına əminliyini ifadə edib.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib.