Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında “Nanobiotexnologiya və sağlamlıq tətbiqləri” mövzusunda vebinar təlim keçirilib.
NDU-nun tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov iki ali təhsil ocağı arasındakı beynəlxalq əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırılıb ki, ötən il universitetin nümayəndə heyətinin qardaş Türkiyəyə səfəri çərçivəsində Yıldız Texnik Universiteti ilə təhsil sahəsində bir sıra müqavilələr imzalanıb. Prorektor iki universitet arasında mütəmadi olaraq müxtəlif sahələr üzrə onlayn görüşlərin keçirildiyini vurğulayaraq, bu kimi tədbirlərin qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmini qeyd edib.
Tibb fakültəsinin dekanı Elsevər Əsədov bildirib ki, Yıldız Texnik Universiteti Kimya-Metallurgiya Fakültəsi, Biomühəndislik Bölməsinin professoru Serap Acar Dermanın əsas fəaliyyət istiqaməti nanomateriallar, biomateriallar, sintetik peptid kimyası, nəzarət edilən dərman buraxılışı, dərman daşıma sistemləri və sisteik peptid vaksinləri və hədəflənmiş dərmandır. Diqqətə çatdırılıb ki, onun apardığı elmi araşdırmalardan beynəlxalq jurnallarda 667 dəfədən çox istinad edilən 35-dən çox məqaləsi dərc olunub. Bildirilib ki, professor 5 icmal məqaləsi, 1 kitab bölməsi, 5 patent müraciəti, 50-dən çox milli və beynəlxalq konfrans məqaləsinin müəllifidir.
Sonra nanotexnologiya və biotexnologiya haqqında məlumat verən professor Serap Acar Derman nanotexnologiyanın tarixi inkişafı, biotexnologiya nədir, nanobiotexnologiyanın üstünlükləri, bəzi tətbiq sahələri barədə danışıb. Professor nanohissəcik nədir, nanohissəciklərin istehsal üsulları, növləri, polimer nanohissəciklər, onların üstünlükləri, nanoçökmə üsulu, metal nanohissəciklərin sintezində bitkilər, bitkilərdə nanohissəciklərin sintezi və digər məsələləri slayd vasitəsilə ətraflı izah edib. Serap Derman, həmçinin həyata keçirilən layihələr və görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.