Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və “Maqnat” İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə klubun 15 illiyinə həsr olunmuş “Maqnat-15” adlı daxili “Brain ring” intellektual yarışı keçirilib.

 

Yarışda ADNSU-nun 7 fakültəsi, BBA, ZU və SABAH qruplarından, eləcə də Azərbaycan-Fransız Universitetindən, ümumilikdə 12 komanda iştirak edib.

 

Yarışda “Maqnat” İOK-un 15 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. ADNSU məzunları və “Maqnat” klubunun keçmiş üzvləri çıxış edərək, yarışlarla bağlı xatirələrini bölüşüb, tələbələrin asudə vaxtlarının səmərəli təşkilində intellektual oyunların əhəmiyyətindən danışıblar.

 

Azİİ məzunu, Televiziya və radio məkanında intellektual oyunların aparıcısı Məmmədəli Məmmədov (DJ Fateh) gənclərin dünyagörüşlərini və intellektual səviyyələrini yüksək qiymətləndirərək, təhsil aldığı illərdə universitetdə belə  intellektual oyunların olmadığını təsəəsüf hissi ilə qeyd edib. O, bu gün ölkədə, o cümlədən ADNSU-da gənclərin inkişafı üçün hər bir şəraitin olduğunu vurğulayıb.

 

Gərgin keçən bilik mübarizəsində ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsi  yarışın qalibi olub. Universitetin kimya texnologiya fakültəsi  2-ci, iqtisadiyyat və menecment fakültəsi isə 3-cü yeri tutub.

 

Tədbirdə iştirak edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gənclərin bu cür bilik yarışlarında iştirakını yüksək qiymətləndirib və yubiley münasibətilə klub üzvlərini, həmçinin yarışın qaliblərini təbrik edib.  

 

Sonda yarışın qalibləri  mükafatlandırılıb, hədiyyələr və kubok təqdim olunub.