Naxçıvan Dövlət Universitetində (NDU) IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb. Bu məqsədlə Britaniya Şurasının Azərbaycan üzrə direktoru Fransis Qardener –Trexo NDU-da olub.

 

Ali təhsil ocağının Diplomatiya kabinəsində keçirilən görüşdə çıxış edən universitetin rektoru Elbrus İsayev IELTS qeydiyyat və imtahan mərkəzinin  açılışını muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri və ictimaiyyət üçün yaddaqalan hadisə kimi dəyərləndirib. Bildirilib ki, universitetdə əcnəbi tələbələrin sayca üstünlüyünü nəzərə alsaq, digər regionlardan universitetə təhsil almaq üçün gələnlər də bu mərkəzdən faydalana bilərlər. Rektor universitetin elmi mühitində uğurlar əldə etmənin, professor- müəllim heyətinin nüfuzlu jurnallara çıxışının təmin olunmasında da mərkəzin fəaliyyətini xüsusilə önə çəkib. Qeyd edilib ki, artıq universitetdə müəllim və tələbələr  IELS sertifikatı üzrə təlimlərə başlayıblar. Diqqətə çatdırılıb ki, yaradılan mərkəzdə ilk dəfə olaraq universitetin İngilis dili müəllimləri və həmin ixtisas üzrə təhsil alan tələbələr imtahan verəcəklər.

 

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Fransis Qardener –Trexo  qeyd edib ki, regionlara əlçatanlığın təmin olunması mərkəzin ən böyük hədəflərindən biridir.

 

”Naxçıvan Dövlət Universiteti ən böyük IELTS tərəfdaşımız olacaq. Britaniya Şurasının 140-dan çox ölkədə mərkəzi fəaliyyət göstərməklə, 11000-dən artıq təhsil ocaqları ilə tərəfdaşlığı mövcuddur. IELTS təhsilin dünyaya qapısıdır”-deyə Fransis Qardener –Trexo ali təhsil ocağında mərkəzin açılmasını tələbələrin xaricdə təhsil almaları üçün gözəl fürsət kimi dəyərləndirib.

 

Görüşün sonunda birgə fəaliyyətə dair  əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Sonra xarici dillər fakültəsində IELTS qeydiyyat və imtahan mərkəzinin açılışı keçirilib. E.İsayev bildirib ki, mərkəzin fəaliyyət göstərməsi üçün fakültədə iki otaq ayrılıb və kamera ilə təchiz edilib. Mərkəzin idarə olunmasına rəhbərlik universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Bayram Əliyevə həvalə olunub. Diqqətə çatdırılıb ki, B.Əliyev Almaniya Siegen Universitetinin İsveçin Uppsala və Portuqaliyanın Koimbra Universitetləri ilə birgə apardığı Sosial Elmlər üzrə beynəlxalq magistr proqramını bitirib, hal-hazırda ali təhsil ocağında IELTS üzrə hazırlıq aparır.

 

Sonda Fransis Qardener –Trexo xarici dillər fakültəsi Sinxron tərcümə mərkəzində müəllim və tələbələrlə görüşüb. Ölkələrimiz arasında beynəlxalq əlaqələr, təhsil sahəsində əməkdaşlıq haqqında ətraflı məlumat verilib.