Azərbaycan gəncliyi beynəlxalq idman arenalarındakı qələbələrini də ləyaqətlə qazanır


Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı Azərbaycan üçün gözəl nəticələrlə yadda qaldı. Güləşçilərimiz 3 qızıl, 6 gümüş, 7 bürünc, ümumilikdə 16 medal qazanaraq vətənə geri döndülər. Bu medallardan birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız əldə etdilər, beləliklə, Avropada birinci oldular.

 

Təbii ki, bu, Azərbycanın idman sahəsində ilk möhtəşəm uğuru deyil. Ölkəmizdə idmanın inkişafına göstərilən böyük diqqət, idman infrastrukturunun formalaşması  və idmançılara davamlı dövlət qayğısı idmanla məşğul olan gənclərimizin bu sahəyə marağını artırmaqla, onları ayrı-ayrı beynəlxalq yarışlarda zaman-zaman qalib çıxarıb.

 

Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur. Bu, o  deməkdir ki, Azərbaycanın ənənəvi idman növü olan güləşin beynəlxalq arenada güclü təbliğatı davam edir, qazanılan qələbələr idman ənənələrini müsbət şəkildə yaşadır, idmanın bu növü üzrə peşəkar yeni nəsil yetişir, başlıcası, ölkəmizin idman şöhrəti, bütövlükdə nüfuzu hər il artır.

 

Yarışlarda iştirak edən idmançılarımız üçün bir fərqli özəllik bundan ibarətdir ki, onlar bu oyunlarda II Qarabağ müharibəsindən zəfərlə çıxmış, 30 illik işğala təkbaşına son vermiş, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı təmsil ediblər. Beynəlxalq idman arenasında öz qələbələri ilə yüksəltdikləri Azərbaycan bayrağı həm də 44 günlük müharibənin qalibi olan bir ölkənin bayrağı kimi dalğalanaraq hər bir soydaşımıza böyük qürur hissi yaşadıb. Bu nüans ona görə maraqlıdır və xüsusi vurğulanmalıdır ki,  həm hərbi savaşdakı qələbələr, həm idmandakı nailiyyətlər Azərbaycan gəncliyinin potensialını, vətənsevərliyini, ölkəsinin layiqli vətəndaşı olduğunu dünya ictimaiyyətinə tanıdır.

 

Bu, həqiqətdir ki, Ordu müharibədəki qələbəsi ilə Vətənə azadlıq, idmançı isə uğuru ilə Vətənə başucalığı, şöhrət gətirir.

 

Prezident İlham Əliyev Budapeştdən medallarla dönən Azərbaycan millisinin üzvlərini qəbul edərkən onların qələbəsi ilə döyüş meydanındakı qələbəmiz arasında maraqlı bir paralellik apardı. Bu paralellik ondan ibarət idi ki, Azərbaycan gəncləri istər idman arenasında olsun, istər döyüş meydanında öz rəqibinə ləyaqətlə qalib gəlməyi bacarır.

 

Prezidentin həmin fikirlərinə diqqət edək:

 

“Mən Budapeştdə keçirilmiş çempionatın gedişatına da nəzər yetirirdim, baxırdım, görürdüm ki, ən çətin anlarda rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. Buna fikir verərkən yenə də İkinci Qarabağ müharibəsindəki hadisələr yadıma düşdü, o vaxt da mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı, ən çirkin əməllərə. Dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu. Amma mən o vaxt demişdim, hələ müharibə gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar etməyəcəyik. Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar. Mən keçirilmiş Avropa çempionatında da eyni xasiyyəti gördüm, Azərbaycan xalqına xas olan xasiyyəti. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik....Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir...”.

 

Bu sitatda müasir Azərbaycan gəncliyinin parlaq xarakteristikası var. Onun vətənpərvərliyinə, humanizminə, dürüstlüyünə alqış, minnətdarlıq hissi var. Onlara etibar, güclü inam, möhkəm güvən var və istər Qarabağın azadlığı üçün sona kimi vuruşub şəhid, qazi olan gənclərimiz, istərsə də beynəlxalq yarışlardan qələbə ilə dönən idmançı gənclərimiz olsun, onların ləyaqəti, mərhəməti hər zaman yüksək qiymətləndirilir.  

 

İki ildən sonra keçiriləcək Yay Olimpiya Oyunları da idmançılarımızın üzərinə böyük məsuliyyət qoyur. Bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa ciddi hazırlaşmalıdırlar ki, qələbə hər zaman bizim olsun. Müzəffər Azərbaycanın bayrağı beynəlxalq idman tribunalarında hər zaman qürurla dalğalansın!..