Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi, hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevin doğum günündə onun ailəsi ilə görüşüb.
Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən Rahim Məmmədov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Aytəkin İbrahimova, fakültə Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Nurulu şəhidin məzarını da ziyarət ediblər.
Ailəsi ilə görüş zamanı ziyarətçilər Ceyhun Şalıyevin Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən C.Şalıyevin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd edilib.
C.Şalıyev 2011-2015-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.