“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi davam edir.
Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayırlar.
İki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri iştirak edirlər.
Müsabiqənin şəhər mərhələsində şagirdlərin təqdim etdikləri gündəliklərə Münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçiləcək.
Müsabiqənin nəticələrinə əsasən, 5 nəfər I, 5 nəfər II, 5 nəfər III yer olmaqla, ümumilikdə,15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə Tərifnamə, fəal iştiraka görə 25 şagirdə isə Təşəkkürnamə təqdim olunacaq.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.