Şagirdlərə həm nəzəri, həm də praktiki təlimlər keçmək mümkün olacaq
Peşə təhsili və təlimini yaxşılaşdırmaq məqsədilə Lənkəran Peşə Liseyində avtobus və yük avtomobili simulyatoru quraşdırılıb. Yeni simulyator vasitəsilə şagirdlərə həm nəzəri, həm də praktiki təlimlər keçmək mümkün olacaq.
Peşə liseyindən aldığımız məlumata görə, yeni simulyator Təhsil Nazirliyinin sifarişi ilə fransalı mütəxəssislər tərəfindən quraşdırılıb. Azərbaycanın yol və iqlim şəraitinə, yol hərəkəti qaydalarına uyğun proqramlaşdırılmış simulyatorda 5000-dən artıq tapşırığı icra etmək mümkündür. Avto simulyatorda həm sərnişin, həm də yük daşıyan nəqliyyat vasitələrini idarə edə bilmək üçün geniş imkanlar var. Sükan arxasında əyləşən sürücü idarəetməni sona çatdırdıqda onun hərəkəti proqram vasitəsilə qiymətləndirilir. Yeni simulyatorun proqram təminatı Azərbaycan dilində yazılıb.
Yeni avadanlıqla tanışlıqdan sonra istifadə qaydaları Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi və Cəlilabad Rayon Peşə Liseyindən gələn əməkdaşlara izah olunub.
Şakir CƏFƏROV