Naxçıvan Dövlət Universiteti (NDU) ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, ali təhsil ocağında təlimlərə başlanılıb. Dörd gün davam edən təlimi agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov keçib.

 

Universitetin struktur bölmələri, dekanlar, dekan müavinləri, kafedra müdirlərinin qatıldığı təlimin ilk günündə təlimçi təhsil müəssisələrinin akkreditasiya qaydalarından danışıb. Müəllimlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb. 

 

Qeyd edək ki, təlimlərin əsas məqsədi NDU-nun akademik və inzibati heyətinə “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar (ESG)”, “Daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması” mövzularına dair geniş məlumat verməkdir.

 

Məlumat üçün onu da bildirək ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.