Paytaxtdakı 20 nömrəli məktəb-liseydə Bakı Uşaq və Gənclər Teatrının “Həyatla oyun” tamaşası nümayiş olunub.

 

Tamaşa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq anti-narkotik təbliğat işinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi məqsədilə hazırlanıb.

 

Tamaşa bəşəriyyətin bəlası olan narkomaniya və QİÇS-ə qarşı mübarizəyə həsr olunub.

 

Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan tamaşada narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

 

Tamaşa şagirdlərin marağına səbəb olub və alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahlar Zeynalov, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin könüllüləri və digər qonaqlar iştirak edib.

 

Onu da qeyd edək ki, “Həyatla oyun” tamaşası paytaxtdakı digər ümumi təhsil müəssisələrində də davamlı olaraq nümayiş olunur.