Azərbaycan Texniki Universitetində (AzTU) ordumuzun tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin 6-cı ili ilə əlaqədar tədbir keçirilib. Tədbirdə AzTU-nun Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn məzunlarının ailə üzvləri də iştirak ediblər.

 

AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov bildirib ki, Aprel döyüşləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin bünövrəsi olub. Məhz dördgünlük Aprel döyüşləri ilə xalqımız 23 ildən sonra qələbə sevinci yaşayıb.

 

Azərbaycan Ordusu erməni təxribatına cavab olaraq sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edilib. K.Rəsulov bildirib ki, həmin döyüşlərdə AzTU-nun məzunları Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin əziz xatirəsinin əbədi yaşadılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığı da diqqətə çatdırılıb.

 

Tədbirdə iştirak edən I Qarabağ müharibəsinin iştirakçısı, jurnalist Elçin Məmmədli də Azərbaycan Ordusunun Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində tarix yazdığını qeyd edib.

 

Daha sonra AzTU-nun Aprel döyüşlərində şəhid olan məzunlarının valideynləri çıxış edib. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbə əzmini, gücünü bütün dünyaya göstərdi. Bu döyüşlər Azərbaycanın işğalla barışmayacağını bir daha sübut etdi.