Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi, müəllimlər, universitetdə təhsil alan əcnəbi tələbələr Quba rayonuna səfər edib. Səfər zamanı universitetin nümayəndə heyəti 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, məzarlığın önünə tər çiçəklər düzüblər.

       

Əcnəbi gənclər kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı gənclər muzey ekspozisiyasında soyqırımı əks etdirən şəkillərlə tanış olublar. Onlara 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verilib.  Muzey əməkdaşları erməni quldurlarının Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə həyata keçirdikləri kütləvi qətliamlardan, 12 minə yaxın insanın öldürülməsindən, mindən artıq kəndin yandırılması və dağıdılmasından danışıblar.

 

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.