Bakı Dövlət Universiteti (BDU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə BDU-nun rektoru Elçin Babayev və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imza atıb.
BDU-nun rektoru E.Babayev qeyd edib ki, memorandum qarşılıqlı əməkdaşlığın geniş spektlərini əhatə edəcək. DOST Agentliyinin 3 ildir yaranmasına baxmayaraq, artıq brendə çevrildiyini qeyd edən rektor vurğulayıb ki, son illər ölkədə sosial rifah halının yüksəlməsi, vətəndaş məmnunluğunun artırılması və bürokratik əngəllərin aradan qaldırılması üçün mühüm addımlar atılır. Azərbaycanın həyata keçirdiyi sosial yönümlü layihələr təkcə rəğbət doğurmur, həm də bu təcrübə xarici ölkələr tərəfindən öyrənilir. DOST Agentliyi də belə müsbət təcrübələrdəndir.
Rektor bildirib ki, BDU-nun fakültələri DOST Agentliyi ilə imzalanmış memorandum çərçivəsində həyata keçiriləcək layihələrin icrasına cəlb olunacaq: “DOST Agentliyinin imkanlarından tədris prosesində də istifadə olunacaq. BDU-nun Hüquq Klinikası və Sosial iş kafedrası DOST Agentliyinin həyata keçirdiyi işlərə yaxından yardım edə bilər. Bu sahə üzrə birgə elmi tədqiqatlar apara, sosial və psixoloji problemləri öyrənə, yay məktəbləri təşkil edə bilərik”.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov isə qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə tərəfdaş qurum kimi BDU-nun potensialına böyük ümid etdiyini bildirən F.Məmmədov bildirib ki, agentliyin işçi heyətinin 21 faizi BDU məzunlarından ibarətdir: “BDU ilə qısa müddətdə müxtəlif sahələri əhatə edən əməkdaşlıq quracağıq. İmzalanan memorandum hər iki qurum üçün müsbət nəticələr verəcək”.
Qeyd edək ki, memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını, digər bu kimi məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də memorandumda əksini tapıb.
Memorandum çərçivəsində BDU-nun bakalavr və magistrlərinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, agentliyin müvafiq əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə BDU-nun gənclər üçün təlim proqramlarında iştirak edəcəklər.