Sumqayıt Dövlət Universitetində  “31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransda rektor, professor Elxan Hüseynov ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb. Bildirib ki,  1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir:”Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba şəhəri,  Quba qəzasının kəndlərində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi”.

 

Faciəyə siyasi-hüquqi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini deyən ali məktəbin rəhbəri Prezident İlham Əliyevin azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü böyük və ardıcıl işləri də yüksək qiymətləndirib. 

 

Sonra soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

 

Konfransda tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür”,  Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının nəzdində Folklorşünaslıq  elmi-tədqiqat laboratoriyasının rəhbəri , professor Astan Bayramov  “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”,  Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Aysel Şamilova “1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyəti  barədə”, tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Nuranə Rzayeva “Soyqırımlara son – 44 günlük Zəfər tariximiz” mövzularında məruzə ilə çıxış ediblər.