Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 2022-ci il “Şuşa ili” ilə bağlı olaraq tədbirlər planı təsdiq edilib.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, təhsil müəssisələri kollektivlərinin, o cümlədən respublika fənn olimpiadaları qaliblərinin, ümumi təhsil müəssisələri şagirdlərinin Şuşa şəhərinə səfərlərinin təşkili nəzərdə tutulub. Həmçinin, təhsil müəssisələrində “Şuşa ili” ilə bağlı silsilə tədbirlərin (rəsm, şeir, mahnı, videoçarx müsabiqələri, yarışlar, sərgilər, “dəyirmi masa”lar, seminarlar, görüşlər, “açıq dərslər”, ədəbi-musiqili gecələr) və məktəblilər arasında “Əziz Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın döyünən ürəyi” mövzularında inşa yazı müsabiqəsinin keçirilməsi planlaşdırılıb.
Eləcə də, yuxarı sinif şagirdləri arasında Şuşanın 270 illik yubileyinə həsr olunan “Ən yaxşı elektron təqdimat” müsabiqəsi, Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunan tədbirlər və ümumi təhsil müəssisələrində “Zəfər” olimpiadası keçiriləcək.
Şakir CƏFƏROV