Lənkəran Dövlət Universitetində (LDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

 

Onlayn formatda keçirilən tədbirdə LDU-nun rektoru, professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən  danışıb. Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım hadisələrindən bizi 104 illik  zaman məsafəsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə yaddan çıxmır. 1992-ci ilin 26 fevral Xocalı qətliamının xalqın yaddaşından silinməyəcəyini deyən N.İbrahimov  44 günlük Vətən müharibəsində də Ermənistanın terrorçu dövlət olduğunu sübuta yetirən yetərincə faktların  mövcudluğunu xatırladıb. Qeyd edib ki, Gəncə, Tərtər, Mingəçevir kimi şəhərlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoydu.

 

Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Asif İmanlı  məruzə ilə çıxış edib, 31 mart soyqırımını ölkə tarixinin ən qanlı səhifəsi adlandırıb. Bildirib ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı, Quba, Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

 

LDU-nun dosenti,  tarix üzrə fəlsəfə doktoru Emin Məlikov qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə , qarətlərə məruz qaldığını, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini deyərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. E.Məlikov 1918-ci ilin martında Lənkəran quberniyasında baş verən hadisələrdən  də danışıb. Bildirib ki, təkcə bu quberniyada martın 28-i-aprelin 2-si aralığında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, əhalinin əmlakı talan edilib.

 

Tədbirdə qeyd olunub ki, xalqımızın məruz qaldığı faciələr gənc nəslə tədris edilməli, ermənilərin azərbaycanlılara qarşı törətdiklərinə  hüquqi qiymət verilməli, haqq səsimiz dünya ictimaiyyətinə çatdırılmalıdır.