Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsi və məktəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil kafedrası Daun sindromu ilə bağlı elmi seminar keçirib. Seminarda professor-müəllim heyəti, magistrantlar, tələbələr, Daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər.

 

Xüsusi təhsil kafedrasının müdiri, dosent Nailə Hüseynova və Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov “21 mart Ümumdünya Daun Maarifləndirmə Günü”nə həsr olunmuş elmi seminarda ölkəmizdə və dünyada bu sahədə aparılan tədqiqatların nəticələrinin faydaları haqqında danışıblar. Dövlətimizin, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud, o cümlədən Daun sindromlu uşaqlara xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.

 

Magistrant Sevda Qəhrəmanova Daun sindromu haqqında, bu məsələyə xüsusi günün həsr olunması və onun dünya ölkələri tərəfindən qeyd olunma tarixi ilə bağlı məruzə edib.

 

Daha sonra Magistratura və doktorantura şöbəsinin Korreksiyaedici təlimin metodikası və metodologiyası ixtisaslaşması üzrə II tədris ili magistrantları Daun sindromlu şəxslərlə bağlı araşdırdıqları bir sıra məsələlərə dair çıxış ediblər.

 

Tədbirdə Daun sindromu haqqında və Azərbaycanda Daun sindromlu şəxslərin müxtəlif sahələrdə inkişafını təmin edən Daun Assosasiyasının fəaliyyəti ilə bağlı videoçarxlar da nümayiş olunub, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

 

Sonda valideynlərin fikirləri dinlənilib, iştirak edən Daun sindromlu uşaqlara hədiyyələr təqdim olunub.