Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi keçirilib.
Elmi Kitabxananın müdiri Nailə Əmrahova 1918-ci ildə Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışıb, rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü söyləyib. O, Qubada müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqlarının müəyyən edilməsinin soyqırımın bariz nümunəsi olduğunu bildirib.
Elmi Kitabxanada baş kitabxanaçı Xatirə Əliyeva “Bakı qəzasında azərbaycanlıların soyqırımı”, Azərbaycan və Şərqi-Avropa xalqları tarixi kafedrasının müəllimi Aysel Şamilova “Bölgələrdə azərbaycanlılara qarşı ermənilərin soyqırımı”, Elmi Kitabxananın Məlumat-biblioqrafiya şöbəsinin müdiri Rəqsanə Əbdürəhmanova “Mart soyqırımı ədəbiyyatlarda (biblioqrafik xülasə)” mövzularında məruzə ilə çıxış edərək, 1918-ci ilin martında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlar barədə geniş məlumat veriblər. Soyqırımların sonrakı illərdə də davam etdiyini, təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə kütləvi qırğınlara, etnik təmizləməyə məruz qaldığını, Xocalı faciəsinin tariximizin növbəti soyqırımı olduğunu söyləyiblər.
Sonra 31 mart hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları “31 Mart - Azərbaycanlıların Soyqırımıdır” adlı sərgidə Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitablar, şəkillər, qəzet və jurnal materialları ilə tanış olublar.