Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların IV elmi-nəzəri konfransı keçirilib. Elm Gününə həsr olunmuş konfransda MDU-nun təhsil, mühəndislik, iqtisadiyyat və idarəetmə fakültələrinin magistrantları və professor-müəllim heyəti üzvləri iştirak ediblər.
Rektor Şahin Bayramov Azərbaycanda elmə və alimlərə verilən yüksək dəyərdən danışıb. Elmi tədqiqatın ali təhsil müəssisələrində əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan Ş.Bayramov universitetdə elmi fəaliyyətin səmərəliliyinin və nəticəyönümlüyünün artırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib, bu istiqamətdə görülən işlər barədə məlumat verib.
MDU-da Elm Gününə həsr edilmiş çoxsaylı tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirən rektor tələbə və magistrantların təhsil aldıqları dövrdə elmi araşdırmalara fəal cəlb olunması, tədqiqat qabiliyyətlərinin artırılması vacibliyindən, eləcə də elmi konfranslarda aktiv iştirakın əhəmiyyətindən bəhs edib.
Sonra konfransın proqramına uyğun olaraq plenar iclasın məruzələri dinlənilib.
MDU-nun magistrantlarından Ləman Zeynalova-Məmmədzadə “Müasir dövrdə vətənpərvərlik tərbiyəsinin prioritetliyi”, Vüsal Göyüşov “İşğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətləri”, Aysel Bayramova “Yaşıl kimya” konsepsiyasından irəli gələn tələblər haqqında”, Fəridə Ələkbərova “Nəsr əsərlərinin məzmunu üzərində iş” və Nurlan Əzizli “Texnoparkların fəaliyyətində universitetlərin rolu” mövzusunda çıxış ediblər.
Digər iştirakçılar da öz məruzələrini təqdim ediblər.
Maraqla dinlənilən məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Elmi-nəzəri konfrans öz işinə bölmə iclasları ilə davam edib.