Bakı Dövlət Universitetinin (BDU) kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 Mart –Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində ustad dərsi keçirilib.

 

Ustad dərsində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli "Kitab marketinqi" mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzəçi kitab marketinqinin məqsədi, mahiyyəti, müasir dövrdəki əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, kitab marketinqinin səmərəli təşkili əlaqələrin qurulması və geniş oxucu kütləsinin cəlb edilməsi baxımından olduqca mühüm amildir. Ona görə də kitab marketinqinə investisiyanın qoyulması kitab sənayesinin prioritetlərindən hesab olunur. Bu prosesin aparıcı qüvvəsi olan marketoloqlar istehlakçı təşviqinə şərait yaradır, nəticədə kitab bazarının canlanmasına, kitab məhsulunun ad və tiraj göstəriciləri baxımından inkişafına töhfələrini verirlər.

 

Mühazirədə kitab marketinqinin funksiyaları, marketinq planının elementləri, sosial media və blogerlərlə iş mexanizmlərinin tətbiqi, kitab reklamı kimi mühüm mövzular şərh edilib. Bu sahədə dünya və Azərbaycan təcrübəsi arasında paralellər aparılıb, müqayisəli təhlillər diqqətə çatdırılıb, innovativ istiqamətlərin tətbiqi ilə bağlı səmərəli təkliflər irəli sürülüb.

 

Mühazirədə, həmçinin son dövrlər Mədəniyyət  Nazirliyi sistemində kitabxana və nəşriyyatların fəaliyyət perspektivləri ilə bağlı aparılan islahatlar, həyata keçirilən layihələr və müəyyənləşdirilmiş hədəflər barədə məlumat verilib. Qeyd olunub ki, ölkənin kitabxana infrastrukturunun idarə edilməsində, oxuculara peşəkar kitabxana-informasiya xidmətlərinin göstərilməsində BDU-nun kitabxanaçılıq-infomasiya fakültəsi məzunlarının rolu olduqca mühümdür və aparılan islahatlar sayəsində bu rol daha da artacaq.
Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, çoxsaylı suallar cavablandırılıb.