Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 27 Mart - Elm Gününə həsr olunan elmi sessiya keçirilib.
Muzeyin baş direktoru, akademik Rafael Hüseynov AMEA-nın yaradılması tarixindən danışıb. Daha sonra “Azərbaycan düşüncə mühitində elm və poeziyanın vəhdəti” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan ədəbiyyatının tarixi təşəkkül dövründə onu yaradan fikir, irfan sahiblərinin şeir sənəti ilə yanaşı, elmin müxtəlif sahələrinin də mahir bilicisi olduğunu qeyd edib.
Akademikin sözlərinə görə, tarix boyunca elm Azərbaycan insanını yönəldən, cəmiyyətimizi tanıdan və şöhrətli edən bir güc olaraq hər zaman ön sırada dayanıb. Azərbaycan tarix içərisində doğan mədəni potensialı, böyük elmi irsi, yetişdirdiyi dahi şəxsiyyətlərlə özündən ərazi və əhali baxımından böyük olan dünya ölkələri ilə eyni sırada dayanmaq qüdrətinə malikdir.
“Azərbaycan xoşbəxtdir ki, XXI yüzillikdə onun AMEA kimi bir elm məbədi fəaliyyət göstərir”, - deyən R.Hüseynov qeyd edib ki, elmin yaradıcılarının doğulduğu hər bir günü “elmin günü” hesab etmək olar.
Tədbirdə, həmçinin muzeyin Elmi inkişaf və tədris layihələri şöbəsinin müdiri professor Kamil Allahyarovun “Elm və poeziya; oxşar və fərqli cəhətlər” mövzusunda məruzəsi dinlənilib.