Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Gününə həsr olunan Elm festivalının bağlanış mərasimi keçirilib.
Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov və universitetin professor-müəllim heyəti iştirak edib.
Rektor Ə.Muradov bir ay davam edən Elm festivalı çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunduğunu diqqətə çatdıraraq, elmin populyarlaşdırılması istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. O, UNEC-də iqtisadiyyat və elm sahəsi üzrə yetərincə kadr potensialının olduğunu, bu potensialın aşkarlanması istiqamətində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə çoxsaylı təlimlərin keçirildiyini vurğulayıb. Elmin kommersiyalaşdırılması məsələsinə toxunan Ə.Muradov bununla bağlı mövcud problemlərdən və onun həlli yollarından da danışıb. Universitet-akademiya-iş dünyasının birgə əməkdaşlığının bu istiqamətdə faydalı olacağını qeyd edib.
Sonra Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov Elm festivalı barədə hesabatla çıxış edib. Professor festival çərçivəsində konfrans, dəyirmi masa, elmi-praktiki seminar, açıq elmi-populyar mühazirə, debat, master klass, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırma və treninqlər olmaqla, 33 tədbirin, eləcə də kitab sərgisi və kitab təqdimatının keçirildiyini deyib. Məruzəçi çıxışında universitetlərdə elmi tədbirlərin təşkilində ənənəvi yanaşmanın dəyişməsi zərurəti yarandığını diqqətə çatdıraraq təkliflərlə çıxış edib.
AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov ölkədə elm sahəsində aparılan uğurlu islahatları və mövcud problemləri iştirakçıların diqqətinə çatdırıb. UNEC ilə İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq imkanlarından da söz açan akademik bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini bildirib.
Sonra UNEC ilə İdarəetmə Sistemləri İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Akademik Əli Abbasov və professor Ədalət Muradovun imzaladığı sənədə əsasən, tərəflər arasında patentləşdirilmiş ixtiraların tətbiqi və kommersiyalaşdırılması, tərəfdaşların tapılması, əqli mülkiyyət və müəllif hüquqlarının qorunması və inkişaf perspektivlərini dəstəkləyən tədbirlərin keçirilməsi, ixtira, faydalı model və sənaye nümunələrinə yerli və beynəlxalq patentlərin alınması, texnoloji transfer və innovasiyalar üzrə birgə milli proqramların hazırlanması və tətbiqi, patentləşdirmə və müəllif hüququna dair birgə tədbirlərin təşkil edilməsi və s. nəzərdə tutulub.