“Qualcomm” şirkəti mobil qurğuları 5G-şəbəkələr səviyyəsində ötürmə qabiliyyəti ilə təmin edəcək millimetr diapazon (mmWave) dalğaları texnologiyası əsasında ilk anten modulunu təqdim edib. “QTM052” əlin siqnalı bloklamaması üçün smartfonun hər tərəfində yerləşdirilən dörd anten ilə təchiz edilib. O, Snapdragon X50 5G-modemi ilə əlaqəli işləyir.

 

www.hitech.vesti.ru saytının məlumatına görə, “MmWave” modulunun nəzəri ötürmə qabiliyyəti 5 Gbit/s təşkil edir. Şəhər şəraitində siqnalların ötürülməsinə binaların mane olması səbəbindən ehtimal olunur ki, sürət 1,4 Gbit/s-ə yaxın olacaq. Müqayisə üçün qeyd edək ki, 4G-şəbəkələrdə sürət 700 Mbit/s-ni ötmür.

 

“Qualcomm”un 2017-ci ilin əvvəlində təqdim etdiyi ilk 5G-antennası o qədər böyük idi ki, onu araba ilə daşımaq lazım gəlirdi. Yeni modulların eni isə, “iPhone X”ın qalınlığı ilə müqayisə edilə bilər: təxminən 7,7 millimetr.