Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu və Fransanın Montpellier İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində institutun baş direktoru, professor Səyyarə İbadullayeva, Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani, elmi işçi Şəbnəm İsayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Orucova, Geologiya və Geofizika İnstitutunun elmi işçisi Şəfəq Bayramova və Montpellier İnstitutunun əməkdaşları Dr. Joannin Sébastien və doktorant Lukas Dugerdilin iştirakı ilə onlayn görüş keçirilib.

 

Görüşdə Lukas Dugerdil təqdimatla çıxış edib. O, 2021-ci ilə Azərbaycanda Acınohur, Göygöl, Zəligöl ərazilərində həyata keçirilən çöl-ekspedisiyası zamanı toplanılan polinologiya və polibotanika nümunələri üzərində aparılan tədqiqatların nəticələrinə dair məlumat verib. Həmçinin L.Dugerdil cari ilin may-iyun aylarında Azərbaycana yenidən səfər edəcəyini bildirib. Səfəri muddətində Azərbaycanın şimal və cənub rayonlarına müştərək ekspedisiyaların təşkili və texniki vasitələrlə təminat məsələləri müzakirə olunub. Müzakirələr zamanı ərazilərimizin polibotaniki tədqiqi nəzərdən keçirilib.