Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov Almaniya Demoqrafiya Cəmiyyətinin illik konfransında “Azərbaycandan Avropa Birliyi ölkələrinə insan miqrasiyası” adlı məruzə ilə çıxış edib.
Alim çıxışında Azərbaycandan Avropa Birliyi ərazisinə istiqamətlənən əmək miqrasiyasının motivlərini, bu prosesə təsir göstərən iqtisadi və sosial amilləri araşdırıb, miqrantların maraq dairəsinin dəyişməsi məsələsinə toxunub. O qeyd olunan məsələlərə dair çoxsaylı potensial miqrant arasında apardığı anket sorğusunun nəticələrini təhlil edərək kişi və qadın respondentlərin, eləcə də ailə vəziyyətinə, təhsil səviyyəsinə, ixtisasına, xarici dil bacarığına, maraq göstərilən iş yerinə görə fərqlənən miqrant qruplarının cavablarını müqayisə edib. R.Kərimov anket suallarının cavabları əsasında potensial miqrantların təyinat yerindəki adaptasiya və inteqrasiya imkanlarına, emiqrasiyanın və geri dönüş miqrasiyasının baş vermə ehtimalına, gözlənilən tendensiyalara dair fikirlərini ifadə edib. Məruzəçi çıxışdan sonra ona verilən sualları cavablandırıb.
Azərbaycandakı miqrasiya prosesləri barəsində və miqrantların baxışları əsasında aparılan təhlillər alman demoqraflar tərəfindən maraqla qarşılanıb.