Azərbaycan Texniki Universiteti (AzTU) və “Azəristiliktəchizat” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanma mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “Azəristiliktəchizat” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.
“Azəristiliktəchizat” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İ.Mirzəliyev bildirib ki, AzTU qurumun əməkdaşlığa başladığı ilk ali məktəbdir. O qeyd edib ki, əməkdaşlıq çərçivəsində müxtəlif faydalı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
AzTU-nun rektoru V.Vəliyev ölkəmizdə istilik təchizatı sektorunun son illər daha da inkişaf etdiyini deyib. Memorandumun əhəmiyyətindən danışan rektor bildirib ki, bu cür əməkdaşlıqların yaradılması universitet-sənaye işbirliyinin inkişafına töhfə verəcək.
Daha sonra rektor və “Azəristiliktəchizat”ın rəsmisi əməkdaşlıq haqqında memorandumu imzalayıblar.
Sənədə əsasən, tərəflər universitetin tədris planlarının və proqramlarının təkmilləşdirilməsi, tədqiqatların aparılması və universitet-sənaye işbirliyinin inkişafı istiqamətində əməkdaşlıq edəcək. Memorandumda, həmçinin istilik təchizatı sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, tələbələrin texnoloji yeniliyi dəstəkləyən bacarıqlarının inkişaf etdirilməsi, onların məşgulluğunun təmin edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-də birgə fəaliyyətin həyata keçirilməsi və digər məsələlər də əks olunub.