Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Ərazi Partiya Təşkilatının təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Mən Naxçıvanı öyrənirəm” bilik olimpiadasında iştirak edən tələbələr mükafatlandırılıb.

 

Mükafatlandırma mərasimində çıxış edən universitetin rektoru Elbrus İsayev bu cür təşəbbüsləri qiymətləndirərək ali təhsil ocağında Siyasi biliklər olimpiadasını, “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” esse yazı müsabiqəsinin uğurla nəticələndiyini diqqətə çatdırıb. Bildirilib ki, muxtar respublikanın tanıdılması baxımından öz əhəmiyyətliliyi ilə seçilən olimpiada yüksək vətənpərvərlik hisslərinin təbliği baxımından da təqdirəlayiqdir. Qeyd edilib ki, bilik olimpiadalarının muxtar respublika ali təhsil müəssisələrini əhatə etməsi onlar arasında sıx əlaqələrin qurulmasına da xidmət edir. Rektor bu sahədə ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatlarının xüsusi fəallığını qeyd edib, vurğulayıb ki, tələbələrin şəxsi təşəbbüsü ilə keçirilən bu cür yarışmalar onların təcrübələrinin artmasına, dünyagörüşlərinin formalaşmasına  müsbət təsir göstərir.

 

YAP Universitet şəhərciyi Ərazi partiya təşkilatının sədri Arzu Abdullayev layihənin əhəmiyyəti, məqsədi və nəticələri barədə danışıb. Qeyd edilib ki, muxtar respublikanın uğurlu inkişaf modelini gənclərə aşılamaq məqsədini daşıyan olimpiadada Naxçıvanın tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiyası və digər bu kimi sahələr təbliğ edilib, gənclərin yüksək bilik və bacarığı üzə çıxarılaraq onların ictimai və elmi fəaliyyəti qiymətləndirilib. Vurğulanıb ki, bilik olimpiadasında muxtar respublikanın ali təhsil müəssisələrinin tələbələri ilə bərabər magistr və doktorantlar da iştirak ediblər.

 

Sonra iki mərhələdə keçirilən olimpiadanın finalında qaliblə birgə 10 iştirakçıya diplom və qiymətli hədiyyələr, ən yüksək nəticə göstərmiş 10 iştirakçıya isə diplom təqdim edilib.