Rəşad Əliyev: “Məqsədimiz Azərbaycanda startap və kiçik biznesin inkişafına töhfə verməkdir”
Dünyanın elm və tədqiqatyönümlü ideyalara və onların tətbiq sahələrinə diqqəti günü-gündən artmaqdadır. Bu mənada innovativ ekosistemlərin və yeni düşüncəli startapların yaradılması və fəaliyyətinin stimullaşdırılması hər bir uğurlu ali təhsil müəssisəsi üçün gələcəyə hesablanmış strateji hədəflərdən hesab olunur. Elə ideyaların yeni ünvanı kimi ADA Universitetində fəaliyyətə başlayan ADA İnnovasiya Mərkəzi (ADA İnnovation Center) də startapçı tələbələrimizin təşəbbüslərinin dəstəklənməsinə yönəlib. “ADA İnnovation Center”in koordinatoru, universitetin müəllimi Rəşad Əliyev “Azərbaycan müəllimi”nə mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi.
Hədəf: Tələbələri real biznes və sənaye sektoruna hazırlamaq
İnnovasiya Mərkəzinin yaradılmasında məqsəd - tələbələrin praktiki potensialını və aktivliyini gücləndirmək, biliklərin tətbiqinə imkanların yaradılması, tələbələri real biznes və sənaye sektoruna hazırlamaq, biznesin inkişafı üçün təhsil və əlaqələrin qurulmasında yardım etməkdir. ADA İnnovasiya Mərkəzi bütün ixtisaslar üçün açıqdır. Tədris ili ərzində biznes/İT və digər praktiki bacarıqların inkişafı üçün treninqlər keçirilir. Tədris ilinin 2-ci semestrində İdeya Yarışı elan olunur və 3 qalib seçilir. Bu 3 qalib və əlavə aktiv komandalara iş yeri - ofis verilir və ADA İnnovasiya Mərkəzinin rezidenti kimi qəbul edilir. Növbəti bir il ərzində bu komandalara yardım göstərilir və real prototip səviyyəsinə çıxmaları gözlənilir.
R.Əliyevin sözlərinə görə, yaxın gələcəkdə ADA Universiteti nəzdində İP (Əqli mülkiyyət) və İnvestisiya fəaliyyətləri üçün imkanların yaradılması gözlənilir. Təhsil ili ərzində ADA Foundation təşkilatı vasitəsilə tələbələr sponsorlarla tanış olur və ideyalarını paylaşmaq üçün imkanlar yaradılır. Tədris ili ərzində Azərbaycan və Qlobal startap ekosisteminin önəmli üzvləri ilə görüşlər təşkil olunur və tələbələrin iştirakı təmin olunur. ADA Universitetində daha çox startap və sahibkarlıq tədbirlərinin keçirilməsi üçün səylər göstərilir.
Tələbələrə müxtəlif formada dəstək göstəriləcək
R.Əliyevin sözlərinə görə, ali məktəbin rəhbərliyi innovasiya mərkəzi üçün lazımi maddi-texniki bazaya malik yer ayırıb. Hazırda mərkəzdə beş komanda işləyir, onlar üçün bütün şərait yaradılıb. Mərkəz “BBF”, “Barama”, “AppLab”, “SUP.AZ”, “Next Step” və s. mərkəzlərlə sıx əməkdaşlıq edir, çünki məhz onlar bu ekosistemin inkişafının zəruri bazasına malikdirlər və bazarın ehtiyaclarını bilirlər. Bu strukturlar innovasiya layihələrinin dəstəklənməsində əvəzolunmaz rol oynayırlar, onların hamısı zərurət oduqda Mərkəzə dəstək göstərirlər. “Məqsədimiz ali təhsil müəssisəsi olaraq Azərbaycanda startap və kiçik biznesin inkişafına töhfə verməkdir. İlkin olaraq daxili sistem qurub ADA tələbələri, gələcəkdə isə digər ali məktəblərin tələbələri üçün də xidmət göstərmək istəyirik. Tələbələrə müxtəlif formada dəstək göstəriləcək. Məsələn, biz tələbələr üçün biznes-təlim təşkil etmişik, gələcəkdə isə onlarla proqramlaşdırma dərsləri təşkil ediləcək. İnnovasiya mərkəzi tələbələrin təşəbbüsü ilə yaranıb, onlar sıfırdan hazır məhsulun təqdim olunmasına qədər layihələr üzərində həvəslə işləməyə hazırdırlar. Ötən il biz mobil proqramlaşdırma üzrə xüsusi dərslər keçdik. Nəticədə semestrin sonunda 15 komanda formalaşdırdıq, onlar isə məhsulların 5 müxtəlif prototipini təqdim etdilər”, - deyə R.Əliyev bildirdi. Mərkəzin koordinatoru hesab edir ki, bütün bunlar tələbələrə ixtisaslaşdırılmış təlimlərin keçirilməsi və onlara maliyyə dəstəyinin göstərilməsi üçün əsas olub.
Startaplar üçün dəstək növləri
ADA Universiteti tələbələrə ölkə və ölkədən kənarda keçirilən yarışmalara hazırlıqda yardım göstərir. İdeya yarışında qalib olanlar üçün 1000-2500 manat həcmində mükafat nəzərdə tutulub. Tələbələrin müxtəlif treninqlərə pulsuz və ya ucuz qatılma şansı, İnnovasiya Mərkəzində ofis şəraiti, ölkə və ölkədən kənar startap və Sahibkarlıq ekosisteminin əsas üzvlərinə birbaşa çıxış imkanları təmin olunur. Startapçılar şirkət rəhbərləri və sponsorlarla əlaqələr qurmaları üçün şəbəkə tədbirləri, media dəstəyi ilə təmin edilir. İnnovasiya Mərkəzində qeydiyyatdan keçmiş komandalara işçi qüvvə yığmaq üçün dəstək göstərilir. Bundan başqa, mərkəzdə keçirilən işin rəsmi praktika (İnternship) kimi tanınması, komandanın köməyə və ya yeni üzvlərə ehtiyacı olarsa ADA Məşğulluq Ofisinə müraciət edib elan yerləşdirə bilməsi təmin olunur. Elan əsasında komandaya qatılan tələbələr rəsmi təcrübə qazanmaq şansı qazanır, bu isə diplom almaq üçün çox vacibdir. Tələbələrin ölkə səviyyəli sərgilərdə iştirakı və stendlərinin qurulmasına da dəstək göstərilir.
Seçim kriteriyaları...
Tələbələrin İnnovasiya Mərkəzinə seçimi “İdeya yarışı” vasitəsilə aparılır və 1, 2, 3-cü yerləri tutan tələbələrə mükafatlar verilir. İdeya yarışında iştirak etməyib, lakin partnyor mərkəzlərdə yaxşı nəticə göstərmiş komandalar da mərkəzə qəbul olunur. Mərkəzə seçim kriteriyaları əsasən biznes (pul gətirmə qabiliyyəti) və innovasiya əsasındadır. Seçim üçün müxtəlif sahələrdən (satış, marketinq, İT, Netvorking, dizayn və s.) münsiflər (bir nəfər akademik, bir nəfər sənaye üzrə) təyin edilir. Münsiflər heyəti komandaların çıxışları ilə tanış olub qalibləri konfidensial səsvermə nəticəsində müəyyən edir.
R.Əliyev qeyd edir ki, mərkəz gənclərə biznesin qurulması və ideyalarının reallaşdırılması üçün bütün zəruri dəstəyi göstərəcək. Onun sözlərinə görə, ADA Universitetinin innovasiya mərkəzinin təcrübəsindən ölkənin başqa ali məktəbləri də yararlana biləcəklər: “Biz öz təcrübəmizi başqa ali məktəblərlə bölüşəcəyik və tələbələrə, orta məktəblərin buraxılış siniflərinin şagirdlərinə onların ideyalarının inkişafında mümkün olan bütün köməyi göstərəcəyik. Güman edirik ki, nailiyyətlərimiz təkcə bizim ali məktəbin tələbələrinə deyil, həm də ölkənin bütün gənclərinə faydalı ola bilər”.
İnnovasiya Mərkəzinin koordinatorunun sözlərindən də bəlli olduğu kimi, innovativ yeniliklərə daha çox meyilli olan ADA Universitetində tələbələrin qlobal dövrün çağırışlarına adekvat cavab verən ideya təşəbbüslərinin dəstəklənməsi istiqamətində xeyli işlər görülüb və ilkin müsbət nəticələr də əldə olunub.
Oruc MUSTAFAYEV