İdeyaların yeni ünvanı: ADA İnnovasiya Mərkəzi

Dünyanın elm və tədqiqatyönümlü ideyalara və onların tətbiq sahələrinə diqqəti  günü-gündən artmaqdadır. Bu mənada innovativ ekosistemlərin və yeni düşüncəli startapların yaradılması və fəaliyyətinin stimullaşdırılması hər bir uğurlu ali təhsil müəssisəsi üçün gələcəyə hesablanmış strateji hədəflərdən hesab olunur.  Elə ideyaların yeni ünvanı kimi  ADA Universitetində  fəaliyyətə başlayan  ADA İnnovasiya Mərkəzi (ADA İnnovation Center) də  startapçı tələbələrimizin  təşəbbüslərinin  dəstəklənməsinə yönəlib. “ADA İnnovation Center”in koordinatoru, universitetin müəllimi  Rəşad Əliyev “Azərbaycan müəllimi”nə  mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi. 

 

 

Hədəf: Tələbələri real biznes və sənaye sektoruna hazırlamaq

 

İnnovasiya Mərkəzinin  yaradılmasında məqsəd - tələbələrin praktiki potensialını və aktivliyini gücləndirmək, biliklərin tətbiqinə imkanların yaradılması, tələbələri real biznes və sənaye sektoruna hazırlamaq, biznesin inkişafı üçün təhsil və əlaqələrin qurulmasında yardım etməkdir. ADA İnnovasiya Mərkəzi bütün ixtisaslar üçün açıqdır. Tədris ili ərzində biznes/İT və  digər praktiki bacarıqların inkişafı üçün treninqlər keçirilir. Tədris ilinin 2-ci semestrində İdeya Yarışı elan olunur və 3 qalib seçilir. Bu 3 qalib və əlavə aktiv komandalara iş yeri - ofis verilir və ADA İnnovasiya Mərkəzinin rezidenti kimi qəbul edilir. Növbəti bir il ərzində bu komandalara yardım göstərilir və real prototip səviyyəsinə çıxmaları gözlənilir. 

R.Əliyevin sözlərinə görə, yaxın gələcəkdə ADA Universiteti nəzdində İP (Əqli mülkiyyət) və İnvestisiya fəaliyyətləri üçün imkanların yaradılması gözlənilir. Təhsil ili ərzində ADA Foundation təşkilatı vasitəsilə tələbələr  sponsorlarla tanış olur və ideyalarını paylaşmaq üçün imkanlar yaradılır.  Tədris ili ərzində Azərbaycan və Qlobal startap ekosisteminin önəmli üzvləri ilə görüşlər təşkil olunur  və tələbələrin iştirakı təmin olunur.  ADA Universitetində daha çox startap və sahibkarlıq tədbirlərinin keçirilməsi üçün səylər göstərilir.

 

Tələbələrə müxtəlif formada dəstək göstəriləcək

 

R.Əliyevin sözlərinə görə, ali məktəbin rəhbərliyi innovasiya mərkəzi üçün lazımi  maddi-texniki bazaya malik yer  ayırıb. Hazırda mərkəzdə beş komanda işləyir, onlar üçün bütün şərait yaradılıb.   Mərkəz  “BBF”, “Barama”,  “AppLab”, “SUP.AZ”,  “Next Step” və s. mərkəzlərlə sıx əməkdaşlıq edir,  çünki məhz onlar bu ekosistemin inkişafının zəruri bazasına malikdirlər və bazarın ehtiyaclarını bilirlər. Bu  strukturlar  innovasiya layihələrinin dəstəklənməsində əvəzolunmaz rol  oynayırlar,  onların hamısı zərurət oduqda Mərkəzə dəstək göstərirlər. “Məqsədimiz ali təhsil müəssisəsi olaraq  Azərbaycanda startap və kiçik biznesin inkişafına töhfə verməkdir. İlkin olaraq daxili sistem qurub ADA tələbələri, gələcəkdə isə digər ali məktəblərin tələbələri üçün də xidmət göstərmək istəyirik.  Tələbələrə müxtəlif formada dəstək göstəriləcək.  Məsələn,  biz tələbələr üçün biznes-təlim təşkil etmişik, gələcəkdə isə onlarla  proqramlaşdırma dərsləri təşkil ediləcək. İnnovasiya mərkəzi tələbələrin təşəbbüsü ilə yaranıb,  onlar sıfırdan hazır məhsulun  təqdim olunmasına qədər  layihələr üzərində həvəslə  işləməyə hazırdırlar. Ötən il  biz mobil proqramlaşdırma üzrə xüsusi dərslər keçdik. Nəticədə semestrin sonunda 15 komanda formalaşdırdıq, onlar isə məhsulların 5 müxtəlif prototipini təqdim etdilər”, - deyə R.Əliyev bildirdi. Mərkəzin  koordinatoru hesab edir ki,  bütün bunlar   tələbələrə  ixtisaslaşdırılmış təlimlərin  keçirilməsi  və onlara maliyyə dəstəyinin göstərilməsi üçün əsas  olub.

 

Startaplar üçün dəstək növləri

 

ADA Universiteti  tələbələrə  ölkə və ölkədən kənarda keçirilən yarışmalara hazırlıqda yardım göstərir.  İdeya yarışında qalib olanlar üçün  1000-2500  manat həcmində mükafat  nəzərdə tutulub. Tələbələrin müxtəlif  treninqlərə pulsuz və ya ucuz qatılma şansı, İnnovasiya Mərkəzində ofis şəraiti,  ölkə və ölkədən kənar  startap və Sahibkarlıq ekosisteminin əsas üzvlərinə birbaşa çıxış imkanları təmin olunur.   Startapçılar  şirkət rəhbərləri və sponsorlarla əlaqələr qurmaları üçün şəbəkə tədbirləri,  media dəstəyi  ilə təmin edilir. İnnovasiya Mərkəzində qeydiyyatdan keçmiş komandalara işçi qüvvə yığmaq üçün dəstək göstərilir.  Bundan başqa,  mərkəzdə keçirilən işin rəsmi praktika (İnternship) kimi tanınması, komandanın köməyə və ya yeni üzvlərə ehtiyacı olarsa ADA Məşğulluq Ofisinə müraciət edib elan yerləşdirə bilməsi təmin olunur.  Elan əsasında komandaya qatılan tələbələr rəsmi təcrübə  qazanmaq şansı qazanır, bu isə diplom almaq üçün  çox vacibdir.  Tələbələrin ölkə səviyyəli sərgilərdə iştirakı və stendlərinin qurulmasına da  dəstək göstərilir.

 

Seçim kriteriyaları...

 

Tələbələrin  İnnovasiya Mərkəzinə   seçimi “İdeya yarışı” vasitəsilə aparılır və  1, 2, 3-cü yerləri tutan tələbələrə mükafatlar verilir.  İdeya yarışında iştirak etməyib, lakin partnyor mərkəzlərdə yaxşı nəticə göstərmiş komandalar da  mərkəzə qəbul olunur.  Mərkəzə seçim kriteriyaları əsasən biznes (pul gətirmə qabiliyyəti) və innovasiya əsasındadır. Seçim üçün müxtəlif sahələrdən (satış, marketinq, İT,  Netvorking, dizayn və s.) münsiflər (bir nəfər akademik, bir nəfər sənaye üzrə)  təyin edilir. Münsiflər heyəti komandaların çıxışları ilə tanış olub qalibləri konfidensial səsvermə nəticəsində müəyyən edir.

R.Əliyev qeyd edir ki,  mərkəz  gənclərə biznesin qurulması və ideyalarının reallaşdırılması üçün  bütün zəruri dəstəyi göstərəcək.  Onun sözlərinə görə, ADA Universitetinin innovasiya mərkəzinin  təcrübəsindən ölkənin başqa ali məktəbləri də yararlana biləcəklər: “Biz öz təcrübəmizi başqa ali məktəblərlə  bölüşəcəyik və   tələbələrə, orta məktəblərin buraxılış siniflərinin şagirdlərinə onların ideyalarının inkişafında mümkün olan bütün köməyi  göstərəcəyik.  Güman edirik ki, nailiyyətlərimiz təkcə  bizim ali məktəbin  tələbələrinə deyil, həm də ölkənin bütün gənclərinə faydalı ola bilər”.

İnnovasiya Mərkəzinin koordinatorunun  sözlərindən də bəlli olduğu kimi, innovativ yeniliklərə daha çox meyilli olan ADA Universitetində tələbələrin qlobal dövrün çağırışlarına adekvat cavab verən ideya təşəbbüslərinin dəstəklənməsi istiqamətində xeyli işlər   görülüb və ilkin müsbət nəticələr də əldə olunub.

 

Oruc MUSTAFAYEV

 


02.03.2018 | 13:30