Sumqayıt Dövlət Universitetində (SDU) “Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfransda millət vəkili, professor Anar İsgəndərov və Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, eləcə də digər ölkələrin aparıcı ali məktəblərinin alimləri iştirak edirlər.
SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov beynəlxalq konfransın keçirilməsində əsas məqsədin Qarabağ tarixinin coğrafi, iqtisadi, siyasi və mədəni aspektlərinin ən qədim dövrlərdən günümüzədək hərtərəfli işıqlandırılması və mövzu ətrafında obyektiv fikir mübadiləsinin aparılması olduğunu bildirib.
Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, millət vəkili, professor Anar İsgəndərov “Qarabağ xanlığı- Kürəkçay müqaviləsindən Türkmənçay müqaviləsinə qədər” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir:”1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsası qoyuldu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Tarixin sınağından, imtahanından üzüağ çıxan böyük ordu və xalq olaraq biz bu gün çox qürurluyuq”.
Türkiyənin Milli Savunma Universitetinin Kara Harp Okulu dekanı, professor İbrahim Ethem Atnur Kafqas “İslam Ordusundan-Qarabağ zəfərinə: Türkiyə Azərbaycan əlaqələrinin köklü analizi” mövzusunda məruzə edib, konfransın əhəmiyyətini vurğulayıb, mövzunun Qarabağ olmasının təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün də qürurverici olduğunu diqqətə çatdırıb.
Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafredrasının professoru Elçin Əhmədov “İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər və diplomatik uğurlar”, Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru Marxuliya Quram Rojdenoviç “Azərbaycan xalqının azadlıq müharibəsi və regionda Rusiya geosiyasətinin sintetik xarakteri”, Ufa Dövlət Neft Texniki Universitetinin Beynəlxalq münasibətlər, tarix və şərqşünaslıq kafedrasının dosenti Vildanov Ruslan Raisoviç “Orta əsr dövrü və erkən yeni zamanda Qarabağ tarixi”, Sumqayıt Dövlət Universitetinin tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “İkinci Qarabağ müharibəsində xalq-iqtidar birliyi” mövzularında məruzə ilə çıxış ediblər. Onlar Qarabağ Zəfərinin qazanılmasının tarixi, hərbi-siyasi və mənəvi səbəbləri, onun doğurduğu nəticələr barədə fikirlərini bildiriblər. Qeyd ediblər ki, konfrans elm sahəsindəki müxtəlif problemlərin həllində ciddi rol oynayacaq.
Qeyd edək ki, konfransın gündəliyinə 172 məruzə daxil edilib, onlardan 9-u xaricdən, 161-i isə ölkənin müxtəlif ali məktəblərindən təqdim olunub.
Konfrans öz işini 3 bölmə üzrə iki gün davam etdirəcək.