Bakı Dövlət Universitetində (BDU) ADA Universitetinin təşəbbüsü ilə çap olunmuş “Vətən dili” dərsliyinin latın qrafikası ilə yeni nəşrinin müzakirəsi keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gətirilən, 1918-1920-ci illərdə çap edilmiş “Azərbaycan” qəzeti və XIX əsrin axırlarında işıq üzü görmüş iki hissədən ibarət “Vətən dili” dərsliyinin latın qrafikasında nəşrləri, Qazax Müəllimlər Seminariyasının tarixi binasının bərpası, “Bir müəllimin manifesti” kimi dəyərli layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edir.
Rektor vurğulayıb ki, təxminən 40 il azərbaycanlı uşaqların və müəllimlərin əvəzedilməz dərsliyi olan, I hissəsi 1882, II hissəsi 1888-ci illərdə işıq üzü görmüş “Vətən dili” dərsliyinin, bütövlükdə, hər iki cildin bir kitaba daxil edilməklə yenidən nəşri çox önəmli, tarixi hadisədir. Milli nəşrlər sırasında xüsusi yer tutmuş, dəyərli ziyalılar Aleksey Çernyayevski və Səfərəli Vəlibəyovun tərtib etdiyi “Vətən dili” dərsliyi vaxtilə Cənubi Qafqazda azərbaycanlı uşaqlar və müəllimlər üçün mükəmməl dərs vəsaiti kimi geniş istifadə olunub, həm Qori Seminariyasının, həm də onun varisi olan Qazax Müəllimlər Seminariyasının rəsmi dərsliyi kimi mühüm tədris vəsaitinə çevrilib. Rektor xoşməramlı təşəbbüsə və savab əmələ görə bu gün təkcə ölkəmizdə deyil, həm də regionda ən qabaqcıl ali təhsil müəssisəsi kimi tanınan, dünyanın nüfuzlu universitetləri sırasında layiqli yer alan ADA Universitetinin rektoru, görkəmli ictimai xadim, diplomat, alim, nüfuzlu elm və təhsil təşkilatçısı, dərin zəkalı və milli ruhlu ziyalımız Hafiz Paşayevə, onun rəhbərliyi altında bu dəyərli nəşrləri ərsəyə gətirən yaradıcı kollektivə təşəkkür edib: “140 il əvvəl işıq üzü görən bu kitab, sadəcə həmin dövrlə tanışlıq deyil. Belə kitablar bütün dövrlərdə ən yaxşı tədris vəsaiti hesab olunur, təkcə bilik vermir, həm də vətəndaş yetişdirir. “Vətən dili”ni yalnız kitabxanalara verməklə kifayətlənməməliyik. Onu xarici ölkələrdəki diaspor təşkilatlarımıza da paylamaq lazımdır. Kitabın dərs vəsaiti kimi BDU-da müvafiq ixtisaslarda tədris prosesində istifadə olunması barədə düşünürük”.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə BDU ilə ADA Universiteti arasında çoxşaxəli əməkdaşlıq olduğunu və qarşıdakı illərdə bu əlaqələrin daha da genişlənəcəyini qeyd edib. F.İsmayılzadə vurğulayıb ki, son illər BDU ilə ADA Universiteti “BLACKBOARD” elektron tədris sisteminin tətbiqi, Qazax Müəllimlər Seminariyası üçün təlimçilərin hazırlanması istiqamətində uğurlu əməkdaşlıq edib. “Vətən dili” kitabını transliterasiya edən, qeyd və şərhlərin müəllifi də BDU-nun Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlıdır. F.İsmayılzadə bildirib ki, Qazax Müəllimlər Seminariyasının regional əhəmiyyəti böyükdür. Artıq Gürcüstandan olan azərbaycanlılar bu Seminariyada oxumaq üçün müraciət edirlər.
Daha sonra BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, AMEA-nın müxbir üzvü, professor Təhsin Mütəllimov, BDU-nun Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu kitabla bağlı fikirlərini bildirib, “Vətən dili”nin təcrübəsindən milli dərslik siyasətində istifadə olunmasını təklif ediblər.