Naxçıvan Dövlət Universitetində “Bir gün tələbə” adlı layihə yekunlaşıb.
Universitetin rektoru Elbrus İsayev ötən ildən etibarən bu cür layihələrin uğurlu icrasından danışıb. Bildirilib ki, layihənin məqsədi muxtar respublika şagirdlərinin universitet, tələbə mühiti ilə tanış olması, həmçinin məktəblilərin ali təhsil müəssisəsinə qəbul prosesi dövründə onlarda ruh yüksəkliyi yaratmaqdan ibarətdir. Universitetin beynəlxalq əlaqələri haqda geniş məlumat verən rektor ali təhsil ocağının qoşulduğu layihələr, tərəfdaş olduğu müqavilələr barədə ətraflı məlumat verib. Həmçinin startap, ikili diplom proqramlarından bəhs edib, universitet ərazisində istifadəyə veriləcək Texnopark haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırılıb ki, tələbələr gələcəkdə burada öz ideyalarını, layihələrini sərbəst şəkildə hazırlayıb, həyata keçirmək imkanı əldə edəcəklər.
Naxçıvan şəhər Təhsil şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova təhsili, dünyagörüşü ilə fəqlənənən şagirdləri nümunə göstərərək, gələcəkdə onların arasından peşəkar müəllimlərin, həkimlərin, pedaqoqların, mühəndislərin çıxacağına inandığını bildirib.
Baytarlıq ixtisası üzrə I kurs tələbəsi Əzizə Məmmədova ötən il baş tutan “Bir gün tələbə” layihəsində iştirak etdiyini və ona ixtisas seçimində bu layihənin dəstək olduğunu, bir vaxt şagird kimi gəldiyi ali təhsil ocağının tələbəsi olmaqdan qürur duyduğunu deyib.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayşən Qəribli məktəblilər adından çıxış edərək, layihə təşkilatçılarına minnətdarlığını bildirib.
Şagirdlər beynəlxalq münasibətlər və hüquq fakültəsində, Diplomatiya Mərkəzində olub, tələbələr üçün yaradılan və müasir texniki vasitələrlə təchiz edilən Kriminalistika laboratoriyasının iş imkanlarına dair bilgilər əldə ediblər.
Xarici dillər fakültəsi Sinxron tərcümə mərkəzində olan məktəblilər linqafon kabinələrin iş prinsipi ilə də tanış olublar. Tədrisi ingilis dilində aparılan İqtisadiyyat ixtisasında keçirilən dərs prosesi şagirdlərdə xüsusi maraq oyadıb.