Naxçıvan Müəllimlər İnstitutunun “Ali riyaziyyat və informatika” kafedrasının təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müxtəlif ixtisaslar üzrə müəllimləri üçün “Fəal interaktiv təlimin tətbiqində İKT-dən istifadə imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda institutun professor müəllim heyəti, tələbələri və muxtar respublika ümumtəhsil məktəblərindən 60 nəfər müəllimi iştirak edib.

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qeyd edib ki, İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Tədris prosesində təlimin keyfiyyətinin artırılması məqsədilə tətbiq olunan fəal interaktiv metodlardan istifadə zamanı İKT və digər vasitələr əhəmiyyətli rol oynayır.

 

Rektor vurğulayıb ki, artıq yeni nəslin müəllimindən bu sahə üzrə müəyyən bacarıq və vərdişlərinin olması, internet resurslarına və multimedia vasitələrinə uyğun olan təhsil şəraitinin yaradılması, tədris olunan fənnin məzmununun müfəssəl şəkildə çatdırılmasına nail olunması, konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.

 

A.Novruzov diqqətə çatdırıb ki, “Müəllim - şagird - dərslik” tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir, öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.

 

Sonra Ali riyaziyyat və informatika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Salmanovun “Bəzi təlim üsullarında İKT-nin rolu”, kafedranın müəllimi Fidan Əzizovanın “Təlim strategiyalarında Web 2.0 alətlərindən istifadə”, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllimi İlhamə Quliyevanın “İbtidai siniflərdə fənlərin tədrisində İKT-nin imkanlarından istifadə”  və Şərur şəhər Çəmənli kənd tam orta məktəbin müəllimi Leyla Qurbanovanın “Azərbaycan dili dərsində söz assosiasiyaları metodundan istifadə” mövzusunda çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, ibtidai siniflərdən başlayaraq, təhsilin İKT əsasında qurulması, şagirdlərə ənənəvi dərslərlə yanaşı, ilkin informatik biliklərin öyrədilməsi, məktəblilərin kompüterlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində mühüm rol oynayır.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.