Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclasında 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrinin imtahan sessiyasına hazırlıq barədə geniş hesabat təqdim olunub. Hesabatı təqdim edən tədris işləri üzrə prorektor, dosent Akif Qasımov həm bakalavr, həm də magistratura səviyyələri, fakültələr və kurslar üzrə keyfiyyət və kəmiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb.
A.Qasımov AzMİU-nun nəzdindəki İnşaat kollecində də keçirilən imtahan sessiyasının nəticələrini təqdim edib. Yaz imtahan sessiyasının təşkili məsələlərinə aydınlıq gətirən prorektor, eyni zamanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə hibrid formada keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsindən bəhs edib.
Təcrübə və karyera mərkəzinin direktoru Xanlar Qəniyev “Bakalavr və magistr səviyyələrində təcrübələrin gedişi və ixtisas kafedralarının istehsalatla əlaqələri” barədə hesabatla çıxış edib. O, müasir dövrün tələblərinə və əmək bazarına uyğun mütəxəssis hazırlığı prosesində istehsalat təcrübələrinin əhəmiyyətini vurğulayaraq, Şura üzvlərini bütün fakültələr üzrə praktikaların təşkilinə dair vəziyyətlə tanış edib. Ortaya çıxan nöqsanlar və çatışmazlıqlarla bağlı verilən məlumatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.
İclasda cari məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.