Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi yetirmələrinin əl işlərindən ibarət “Şuşa ili - Şuşa zəfəri” adlı sərgi təşkil olunub.
Universitetin rektoru, professor Ceyran Mahmudova sərginin əhəmiyyətini yüksək qiymətləndirib, belə sərgilərin əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının genişləndirilməsi, istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu vurğulayıb.
Agentliyin sədri Vüqar Behbudov ADMİU ilə birgə təşkil edilən sərginin “Şuşa İli”nə həsr olunduğunu deyib, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və yaradıcılıq potensialının dəstəklənməsi üçün agentlik tərəfindən müxtəlif mövzulu tədbir və əlillərin əl işlərindən ibarət satış-sərgiləri təşkil edildiyini bildirib.
Qeyd edilib ki, Peşə-Əmək Reabilitasiyası Mərkəzində 15-29 yaş qrupundan əlilliyi olan şəxslərə peşə hazırlığı və peşə reabilitasiyası keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur və ötən dövrdə mərkəzə 2200 nəfər əlilliyi olan şəxs qəbul edilib. Onların arasında Vətən müharibəsi qaziləri də kifayət qədərdir.
Hazırkı sərgidə də mərkəzdə müxtəlif peşələrə yiyələnən 14 nəfərin “Zəfər”, “Şuşa”, “Azərbaycan tarixi” , “Novruz” və digər mövzu-bölmələr üzrə 500-ə yaxın sənət əsəri nümayiş olunur.
Bildirilib ki, bu il Xaçmaz rayonunda Peşə-Əmək Reabilitasiyası Mərkəzinin fillialının, eləcə də agentliyin 10 müəssisəsində sosial reabilitasiya kabinetlərinin yaradılması nəzərdə tutulub. Bu kabinetlərdə 20-ə yaxın terapiya (musiqi, rəqs, əmək, film, landşaft, səhnə-nağıl, məişət və s. terapiyalar) növü vasitəsilə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə iş aparılacaq.
ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva bildirib ki, sərgi ötən ilin dekabrında universitetlə Sosial Xidmətlər Agentliyi arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında təşkil edilib və bu cür tədbirlərin davamlılığı planlaşdırılır.