26-29 may tarixlərində Bakı şəhərində keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəssisələri də təmsil olunacaq.

 

Bu barədə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Rəyasət Heyətinin iclasında məlumat verib. 

 

Akademik festivalın Türkiyə və Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək əməkdaşlıq münasibətlərinin növbəti təzahürü olduğunu, qardaş ölkənin məsul qurumlarının böyük dəstəyi ilə təşkil ediləcək festivalın ən son trend və texnologiyalar ilə tanış olmaq imkanı yaratdığını vurğulayıb.

 

Festivalda AMEA-nın pavilyonu üçün müvafiq sahənin ayrıldığını deyən  R.Əliquliyev Akademiyanın elmi müəssisələrinin “Teknofest”də yaxından iştirakının zəruriliyinə toxunub.

 

İclasda AMEA-nın “Teknofest Azərbaycan” festivalında yüksək səviyyədə iştirakı və elmi nailiyyətlərin sərgilənməsi ilə bağlı tapşırıqlar verilib.