Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Ceyran Mahmudova iyulun 31-də təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov Prezidentin sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Universitetin tarixindən, yaşatdığı ənənələrdən, son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb, Ceyran Mahmudovanı yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
ADMİU-nun rektoru C.Mahmudova tədbir iştirakçılarını salamlayaraq, yeni təyinatına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Ceyran Emin qızı Mahmudova 1964-cü ildə Bakı şəhərində anadan olub. 1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982-1987-ci illərdə təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixinəzəriyyə fakültəsində davam etdirib.
1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 3 monoqrafiya, ali məktəblər üçün 2 dərs, orta məktəb müəllimləri üçün 2 metodik vəsaitin, 50-dən çox elmi məqalənin müəllifidir.
2017-ci ildən ADMİU-nun “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində çalışıb.
Dövlət başçısının 30 iyul 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.