Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Təcrübə-Sənaye Zavodu” MMC-nin əməkdaşları tərəfindən işlənilmiş “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş texnika sahəsi üzrə Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunub.

 

Qeyd edək ki, son bir neçə ildir, hər iki qurum birgə fəaliyyət göstərir. Aparılmış elmi tədqiqat və tətbiqi işlərin nəticəsində itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün xüsusi təyinatlı motor yağları yaradılıb və istehsalı təşkil edilib.

 

Yaradılmış motor yağı həm xaricdə,  həm də daxildə xüsusi təyinatlı müəssisələrdə müvafiq mühərriklərdə stend sınaqlardan uğurla keçib və yeni nəsil yüksək gücləndirilmiş xüsusi təyinatlı dizel mühərriklərində istifadə üçün təklif olunub.

 

Yaradılmış xüsusi təyinatlı motor yağına “Məxfi” qriflə Azərbaycan patenti alınıb.

 

Qeyd olunanaları nəzərə alaraq AMEA Rəyasət Heyəti ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və iqtisadi inkişafı baxımından böyük üstünlüklərə malik “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” ilə bağlı elmi işi yüksək qiymətləndirib. Rəyasət Heyəti elmi-texniki işin yerinə yetirilməsində iştirak edən müəlliflərin 2022-ci il üçün texnika sahəsi üzrə Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunmasını məqsədəuyğun sayıb.

 

Məlumat üçün bildirək ki, təqdim olunan iş institutun baş direktoru, akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə, laboratoriya müdiri, professor Həqiqət Cavadova, icraçı direktoru, dosent Əfsun Sucayev, AMEA Yüksək Texnologiyalar Parkı və “Təcrübə-Sənaye Zavodu” MMC-nin baş direktoru Vasif Abbasov və zavodun icraçı direktoru Səxavət Rüstəmov tərəfindən yerinə yetirilib.