Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı keçirilib.

 

ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə  tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, çap olunan kitab haqqında qısa məlumat verib.

 

Universitetin rektoru, akademik, kitabın ideya müəllifi və elmi redaktoru Kamal Abdulla bildirib ki, kitab öz əhəmiyyəti və aktuallığı ilə seçilir: “Təqdim olunan kitab həm Azərbaycan, həm də dünyada “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” mövzusunda ərsəyə gəlmiş ilk kitabdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik” qaynaqları kitabının nəşri mədəniyyətimizin və təfəkkür tərzimizin multikulturalizm aspektindən bir-birini izləməsinə şərait yaradır.”

 

Azərbaycan multikulturalizm modelinin əhəmiyyətindən danışan rektor bir sıra mövzular ətrafında dərin elmi-fəlsəfi araşdırmaların aparıldığını söyləyib: “Biz qalib xalq kimi qalib ölkənin necə bir mədəniyyətə sahib olduğunu bütün dünyaya göstərməliyik. Bu, bizim bütün sahələrdə gördüyümüz işlərdə öz əksini tapmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Dövlət siyasətimizin bir istiqaməti olan bu hərəkatı, prosesi bütün dünyaya çatdırmalıyıq. Hamı bilməlidir ki, Azərbaycan xalqı mənəvi cəhətdən necə zəngin bir xalqdır, multikultural əhval-ruhiyyə onun canında və qanında necə yaşayır və Ulu Öndərimizin əsasını qoyduğu multikulturalizm hərəkatı bu gün də Azərbaycanda müxtəlif nəsilləri, zümrələri, konfessiyaları, milli icmaları özündə birləşdirir”.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir.

 

“Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bizim əsas məqsədimizdir”-deyə, R.Həsənov vurğulayıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi İlham Məmmədzadə deyib ki,  kitab uzun müddət aparılan elmi-fəlsəfi araşdırmaların, böyük bir zəhmətin məhsuludur: “Bu kitabda hər kəs öz bilik və bacarığını ortaya qoyub. Kitab nəfis tərtibatla, geniş elmi araşdırmalarla, müxtəlif dövrlərin elmi-fəlsəfi mənzərələrinin aydın və səlis formada əks olunması ilə fərqlənir. Tolerantlıq, şübhəsiz, multikulturalizmlə, mədəniyyətlərarası qarşılıqlı əlaqələr proseslərində iştirak etmək zərurəti ilə bağlıdır.”

 

Çıxış edən digər qonaqlar da kitabın əhəmiyyətindən danışıblar.

 

Tədbir müzakirələrlə davam edib.