Mingəçevir Dövlət Universitetinin (MDU) mühəndislik fakültəsinin təcrübəli akademik heyət üzvləri tərəfindən “Azərbaycan İES” MMC-nin gənc əməkdaşları üçün təlim proqramına start verilib.

 

Proqrama uyğun olaraq, “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində MDU-nun Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov “İstilik elektrik stansiyalarının əsas və köməkçi avadanlıqları. Buxar və qaz turbinləri”, “Bəsləyici suyun regenerativ qızdırılması. İ-S diaqramı” və “İstilik elektrik stansiyalarının buxar turbinlərinin tipləri və tətbiq sahələri. Turbin qurğusunun istilik tsikli” mövzularında təlimlər keçib.

 

MDU-nun Energetika kafedrasının müəllimi Əbülfət Ədilov tərəfindən “İstilikdəyişdirici aparatlar və onların növləri” və “Qarışdırıcı aparatlar və onların konstruktiv növləri” mövzularında təlimlər də baş tutub.

 

Proqrama əsasən, 9, 11 və 14 mart tarixlərində Energetika kafedrasının müəllimləri Əbülfət Ədilov və Alim Nəcəfov tərəfindən təlimlər davam etdiriləcək. Təlimlər “Buxarın aralıq qızdırılma tsikli və sxemləri”, “Sinxron generatorların stator və rotor dolağının sınağı”, “Gərginlik transformatorlarının profilaktik yoxlanması”, “Cərəyan transformatorlarının profilaktik yoxlanması” və “Kabel xətlərinin və boşaldıcıların sınağı” mövzularını əhatə edəcək.

 

Qeyd edək ki, MDU və “Azərbaycan İES” MMC arasında işbirliyi çərçivəsində reallaşdırılan altı günlük təlim proqramı İES-in gənc, perspektivli əməkdaşlarının nəzəri bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədini daşıyır.