Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbirlər keçirilib.
Paytaxtın rayonları üzrə təşkil olunan tədbirlərdə Bədən Tərbiyəsi və İdman Gününün məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verilib.
Tədbirlərdə şagirdlərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti, respublikamızda idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı barədə söhbət açılıb. Bildirilib ki, ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməklə bu gün dünyanın güclü idman mərkəzlərindən birinə çevrilib. Həmçinin ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdırılması, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının artması barədə də söhbət açılıb.
Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində 28 fevral – 4 mart tarixlərini əhatə edən “İdman həftəsi” layihəsi həyata keçirilib.
Layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.