Naxçıvan Dövlət Universitetində (NDU) 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib. Ali təhsil ocağının İdman kompleksində keçirilən tədbirdə əvvəlcə idmançı tələbələrin qazandığı diplom və medallardan ibarət sərgiyə baxış olub.
Universitetin rektoru Elbrus İsayev son illərdə idman sahəsində qazanılan uğurlardan danışıb. Azərbaycanın hər yerində müasir idman komplekslərinin tikilib istifadəyə verilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini qeyd edib. Ali məktəbdə idmanın inkişafı istiqamətində görülən işləri qeyd edən rektor gəncləri yarışlarda daha fəal olmağa, muxtar respublikanı dünya arenasında yüksək şəkildə təbliğ etməyə səsləyib.
Universitet İdman klubunun sədri, Naxçıvan Basketbol Federasiyasının sədr müavini Məmmədəli Rəhimov muxtar respublikada müstəqillik dövründə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından danışıb. Universitetdə müxtəlif idman sahələri üzrə keçirilən məşqlər haqda məlumat verərək bildirib ki, xüsusi bacarığı ilə seçilən tələbələr may ayının 11-də Bakıda baş tutacaq ali məktəblərin birinciliyində universiteti təmsil edəcəklər.
Məşqçilik ixtisası üzrə II kurs tələbəsi, Fakültə Tələbə İdman Şurasının sədri, İbrahim Xəlil Axundlu adına fəxri təqaüdçü Abbas Məmmədov qazandığı uğurlar haqqında iştirakçılara məlumat verib, idmançı tələbələrə uğurlar arzulayıb.
Sonra NDU və Naxçıvan Universiteti basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Yarışın sonunda NDU-nun basketbol komandası 18:9 hesablı qələbə qazanıb.